“Xəzər Lənkəran”ın ən böyük problemi yerli futbolçularla bağlıdır”
17.04.2014 - 13:30
“Xəzər Lənkəran”ın ən böyük problemi yerli futbolçularla bağlıdır”

“Xəzər Lənkəran” klubunun məşqçisi Oğuz Çətin Azərbaycan kubokunun “Qəbələ” ilə ilk yarımfinal matçından sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Komandanızın 0:3 hesabı ilə uduzacağını gözləyirdiniz?

- Öncə onu deyim ki, bu qarşılaşma barədə geniş danışmağa ehtiyac yoxdur. Belə deyək, rəqib heç nə etmədən qələbə qazandı. Bizdən heç də üstün oynamadılar, amma 3 qol vurdular. Məğlubiyyətə cavabdeh bizik. Komandamız rəqibə qolları heç nədən hədiyyə etdi. Bu görüş arxada qaldı, qarşıda cavab oyunu var. Psixoloji gərginliyi aradan qaldırıb, daha yaxşı hazırlaşmalıyıq. Biz də Lənkəranda 3 cavabsız top vurmağa çalışacağıq. Hesab böyükdür, amma axıradək mübarizə aparmaq lazımdır. Cavab qarşılaşmasına elə hazırlaşmalıyıq ki, bu günkü səhvlər təkrarlanmasın.

 

- Bu hesabla məğlub olan komandanızın növbəti mərhələyə çıxacağına inanırsınız?

- Şans var. Mən futbolçu həyatımda belə hallarla çox rastlaşmışam. Hər halda, “Qəbələ”yə qalib gələcək gücdəyik.

 

- Müdafiə xəttində bu qədər bəsit səhvlərin olması nədən irəli gəlir?

- Düzdü, müdafiə xətti çox zəif oynadı. Amma məğlubiyyətdə bütün komanda günahkardır. Rəqib qolları bizdən güclü olduğuna görə vurmadı. Biz həmin qolları “Qəbələ”yə hədiyyə etdik. Kubok oyunlarında səfərdə qol vurmasan belə, qol buraxmamaq da lazımdır. Müdafiədə  bəsit səhvlərə yol vermək olmaz. Biz isə həmin səhvlərin hamısını etdik. İndi bildiyim odur ki, Lənkəran azarkeşi ümidini üzüb. Mən isə onlara deyirəm ki, ümidimizi üzməməliyik. Cavab oyununda  onları sevindirməyə, özümüzü sübut etməyə çalışacağıq.

 

- Qış fasiləsindən sonra çempionatın hər iki dövrəsindəki oyunlarda “Qəbələ”yə qalib gəlmişdiniz. Amma vacib görüşdə böyük hesabla uduzdunuz....

- Biz bunu gözləmirdik. Meydana güclü “11-lik”lə çıxdıq. Oyunun ilk yarısında rəqibə qol vəziyyəti yaratmağa imkan vermədik. Amma futbol belədir. Bir xırda səhvdən rəqib 3 qol vurdu. Bunun təsirindən çıxmaq lazımdır. Bir də komandanın bu sadə səhvlər etmə xəstəliyindən qurtarmaq lazımdır. Biz “Qəbələ” ilə oyunda Premyer Liqada mübarizə aparan komandaya, “Xəzər Lənkəran”ın adına yaraşmayacaq qollar buraxdıq.

 

- Yerli futbolçuların son oyunlardakı zəif çıxışı da komandanızın uğursuzluqlarında rol oynayır. Bu fikirlə razısınız?

- Bu mövsüm “Xəzər Lənkəran”ın ən böyük problemi elə yerli futbolçularla bağlı idi. Heyətdə az sayda azərbaycanlı futbolçu vardı. Biz bunu bilə-bilə çempionata başladıq. Əgər növbəti mövsümdən daha yaxşı komanda qurmaq istəyiriksə, səviyyəli yerli futbolçuların sayını yüksəltməliyik.

 

- Çempionatda maraq dairənizə düşən yerli futbolçu varmı?

- Var və hamısını izləyirik.

 

- Onların adlarını rəhbərliyə təqdim etmisiniz?

- Baş məşqçimiz Mustafa Dənizlinin istədiyi futbolçular var. Rəhbərliklə görüşüb, qarşıdakı mövsümün planlarını müzakirə ediblər. Gələn mövsümdən limitin 6+5 olması bir az da çətinlik yaradacaq. Bununla belə, qarşıya böyük hədəflər qoyacağıq. Bu səbəbdən əsas məsələ azərbaycanlı futbolçuların alınmasıdır.

 

ELSEVƏR

 

0