Reynaldo Azərbaycan yığmasından təklif gözləyir
17.04.2014 - 13:16
Reynaldo Azərbaycan yığmasından təklif gözləyir

“Azərbaycandakı uğurlu karyerama görə şadam. Amma bununla kifayətlənmək fikrim yoxdur”. Apasport.az saytının xəbərinə görə, bunu “Qarabağ” klubunun hücumçusu Reynaldo Silva deyib.
 

Azərbaycana gəldiyi ilk vaxtlar yarımmüdafiəçi kimi çıxış edən, bombardirlik keyfiyyətləri nümayiş etdirdikdən sonra hücumçu ampluasında özünü göstərən braziliyalı mövsümün ən məhsuldar oyunçusu adına yaxın olmasından danışıb: “Çox qol vurmağa çalışıram. Qolların sayı çox olduqda komandamızın qələbə şansı da artıq olur. Mövsümün sonuna qədər də bu tempdə davam edəcəm. Əvvəlcə bombardir olmaq haqda düşünmürdüm. Ancaq indi şansım var”.

Reynaldo milliləşdirilərək Azərbaycan yığmasına cəlb olunması variantına da münasibət bildirib: “Bununla bağlı ictimaiyyətdə tez-tez fikirlər səsləndirilir. Mənə də çox suallar verilir. Amma rəsmi təklif yoxdur. Əlbəttə, Azərbaycan yığmasında oynamaq istərdim. Bunun üçün təklif olmalıdır”.


Artıq ikinci ildir ölkəmizdə çıxış edən hücumçu çempionatın formatı haqda da fikir bildirib: “Əslində, bir komanda ilə mövsüm ərzində ən azı 4 dəfə qarşılaşmaq qəribədir. Qalan şeylər qaydasındadır”.


Cənubi amerikalı Azərbaycanda olduğu müddətdə ölkəmizlə bağlı müəyyən məlumatlar da əldə etməyə başlayıb. Futbolçu hətta himnimizi də öyrənmək niyyətindədir: “Azərbaycan atributları haqda bilgilər əldə etməyə çalışıram. Ancaq ingilis dilində də danışa bilmədiyimdən, kimsə mənə vaxt ayırmır. Boş vaxtım olanda Bakını gəzirəm, çalışıram ki, Azərbaycan haqda məlumatlar toplayım. Dilinizi öyrənməyə çalışacam.”

 

0