“Bakı”nı yenən komanda “Neftçi”ni də məğlub edər” - MÜSAHİBƏ
18.04.2014 - 09:42
“Bakı”nı yenən komanda “Neftçi”ni də məğlub edər” - MÜSAHİBƏ

“Qəbələ” klubunun yarımmüdafiəçisi İbrahima Niassenin apasport.az saytına müsahibəsi

 

- Ölkə kubokunun ilk yarımfinal oyunu çərçivəsində “Xəzər Lənkəran” üzərində qazandığınız 3:0 hesablı qələbə gözlənilməz oldu…

- Öncə onu deyim ki, biz çətin vəziyyətdə idik. Buna qədər 8 matçdır qələbə qazana bilmirdik və bu sindromu qırmaq lazım idi. Həmçinin, kubok bizim üçün vacib turnirdir. Mövsümü titulla başa vurmaq istəyiriksə, bu turnirdə yüksək səviyyədə çıxış etməliyik. Elə buna görə də oyuna yaxşı motivasiya ilə çıxmışdıq. Bu da hesabda özünü göstərdi. 3:0 hesabı yaxşı üstünlükdür, amma kubokun yarımfinalı bir oyundan ibarət deyil. Lənkərana “döyüşmək” üçün gedəcəyik. İnanıram ki, finala çıxıb, kuboku qazanmaq iddiamızı davam etdirəcəyik.

 

- Sizin meydana çıxacağınız da gözlənilməz oldu. Çünki mətbuatda zədəli olduğunuz yazılırdı...

- Özümü yaxşı hiss etmirdim. Amma komandamın mənə ehtiyacı var idi. Çünki məndən başqa zədəlilər və cəzalılar var. Onların yerini doldurmaq lazım idi. Bu da mənim oynamağımın vacib olduğu demək idi. Ona görə də meydana çıxdım və komandama bacardığım qədər kömək etməyə çalışdım. Bu nə qədər alındı və ya alınmadı, onu baş məşqçi bilər. Gələn həftə daha yaxşı olmağa çalışacağam. Fikrimcə, zədəm ən azından Lənkərandakı cavab oyununa qədər tam sağalacaq.

 

- Mövsümün ikinci yarısında “Xəzər Lənkəran”a hər iki oyunda uduzmuşdunuz. Amma həmin məğlubiyyətlərin əvəzini bu görüşdə artıqlaması ilə çıxdınız. Komandada əvvəlki oyunlarda nə çatmırdı?

- Motivasiya. Ardıcıl yenilgilərdən sonra komanda həvəsdən düşür və bunlar hamısı qarşıdakı oyunlara təsir edir. Premyer Liqada bir uğursuz seriyamız var idi. Məncə, kubokda qazandığımız bu qələbə çempionatda yaxşı çıxışımıza şərait yaradacaq.

 

- Artıq sizin üçün Lənkəranda baş tutacaq oyunun formal xarakter daşıyacağını demək olar?

- Yox, heç də elə deyil. Çünki bu arxayınlıq yarada bilər və biz kubokdan ola bilərik. “Xəzər Lənkəran” yaxşı komandadır və heyətlərində güclü futbolçular var. Ona görə də düşünürəm ki, bizə çətin olacaq. Amma ən azından bu hesabı qorumalıyıq. Finala çıxmaq üçün bizi çox çətin 90 dəqiqə gözləyir. İnanıram ki, ordan da istədiyimiz nəticə ilə geri dönəcəyik.

 

- Finalda “Neftçi”, yoxsa “Rəvan”la qarşılaşmaq istərdiniz?

- Bizim üçün rəqibin fərqi yoxdur.

 

- Sizcə, “Rəvan” finala çıxa bilər?

- Niyə də yox? “Bakı”nı yenən komanda “Neftçi”ni də məğlub edər...

 

ELSEVƏR 

0