“Bakı” – “İnter”: Hərəyə 3 qələbə
18.04.2014 - 10:52
“Bakı” – “İnter”: Hərəyə 3 qələbə

Topaz Premyer Liqasının XXXI turunun “Bakı” və “İnter” arasında mərkəzi oyununu Rəhim Həsənov idarə edəcək. Apasport.az saytının məlumatına görə, bu qarşılaşma FİFA referisinin cari mövsüm fit çalacağı 24-cü çempionat matçı olacaq.

 

Onun idarə etdiyi matçlarda meydan sahibləri 11, qonaqlar 7 qələbə qazanıb. Digər 5 oyunda isə bərabərlik qeydə alınıb. 23 görüşdə 14 qırmızı vərəqə göstərən Həsənov 6 dəfə meydan sahibləri, 8 dəfə qonaqları cəzalandırıb. Onun təyin etdiyi hər 3 penalti isə meydan sahiblərinin lehinə olub.

 

“Bakı”nın 6 oyununda ədaləti qoruyan referi bu klubun üzvlərini 3 qırmızı vərəqə ilə cəzalandırıb. Bu 6 matçda bakılılar 3 qələbə qazanıb. 2 heç-heçə edib və yalnız 1 dəfə uduzub.

 

Həsənovun “İnter”lə yolları 5 dəfə kəsişib. “Bankirlər” də rəqibi kimi 3 dəfə qalib gəlib. Onların hesabında 1 heç-heçə və 1 yenilgi də var. Referi “İnter”in rəqiblərinə iki qırmızı vərəqə də göstərib.

 

“İnter”lə “Bakı” arasında paytaxt derbisi ardıcıl 2-ci dəfə Həsənova həvalə olunub. Bu komandaların XXIII turdakı matçı da məhz ona tapşırılmışdı. Onda “bankirlər”ə 3, rəqibinə 2 sarı vərəqə verən hakim sonda 1:1 hesabına şahidlik etmişdi.

0