“İnter” “Bakı” önünə itkilərlə çıxacaq
18.04.2014 - 16:24
“İnter” “Bakı” önünə itkilərlə çıxacaq

Topaz Premyer Liqasının XXXI turunun mərkəzi görüşü sayılan “Bakı” – “İnter” qarşılaşmasına qonaqlar ciddi itkilərlə hazırlaşır. Apasport.az saytının klubdan əldə etdiyi məlumata görə, derbi öncəsi qonaqlar müdafiə xəttində itkilərlə üzləşib.

 

Belə ki, ötən tur “Neftçi” ilə görüşün 59-cu dəqiqəsində Yoan Bokonyano baş hakim Orxan Məmmədovun qərarına etiraz etdiyi üçün sarı vərəqə alıb. Bununla, fransalı mərkəz müdafiəçisi mövsüm ərzində 4-cü sarı vərəqəsini almaqla derbini buraxmaq məcburiyyətində qalıb.

 

Baş məşqçi Kaxaber Sxadadzeni digər düşündürən məqam Laşa Salukvadze ilə bağlıdır. Əzələsini dartdığı üçün “Neftçi” ilə matçın 55-ci dəqiqəsində makedoniyalı Slavço Georgiyevski ilə əvəzlənən gürcüstanlı mərkəz müdafiəçisi yalnız fərdi qaydada məşq edir. “İnter”in digər müdafiəçisi Ruslan Əmircanov da elə onun kimi kollektiv məşqlərdə iştirak edə bilmir.

 

Qeyd edək ki, “Bakı” – “İnter” qarşılaşması aprelin 20-də keçiriləcək. Derbi saat 15:00-da başlayacaq.   

0