[b]Kardosonun övladı, Arazın mədəniyyəti...[/b]
20.04.2014 - 23:01
[b]Kardosonun övladı, Arazın mədəniyyəti...[/b]

“Neftçi” hər kəsin qəlbini titrədəcək klubdu. Hər nə qədər sevib, azarkeşlik etdiyimiz komanda olsa belə, “ağ-qaralar”ın ürəyimizdəki yeri bambaşqadır. Futbolla tanışlığımız, futbola sevgimiz bu komanda ilə başlayıb, amma deyəsən, elə bu komanda ilə də bitəcək...

 

Son 3 ilin çempionu indi aciz, acınacaqlı günlərini yaşayır. Təsəvvür edin, çempionluq iddiasında olan bir komanda autsayder qarşısında baş əyir. Bu, mövsümdə bir dəfə baş versəydi, anlamaq, təsadüf saymaq olardı. Di gəl “gənclik şəhəri” təmsilçisi cari çempionatda paytaxt klubunu əməlli başlı kötəklədi. Sonuncu görüşdəki sillələrin səsi isə “vosmoy”dan ölkənin dörd bir yanına yayıldı.

 

... “Neftçi” yenə uduzdu. Məşhur filmdə səsləndirilən bu fikir artıq müasir aforizmə çevrilib. Düzdü, son illərdə bu ənənə qələbələr seriyası ilə əvəzlənmişdi. Ancaq hazırkı çempionatda elə hallar baş verir ki...

 

“Sumqayıt”la görüş də bunlardan biridir. Adətən uduzan futbolçu qarşılaşmadan sonra üzgün olur. “Neftçi”də isə fərqli mənzərə idi. Matçın final fiti səslənən kimi braziliyalı legioner Karlos Kardoso sanki qələbə qazanıbmış kimi övladının yanına qaçır, onu əzizləməkdən ötrü dəridən-qabıqdan çıxırdı. Sanki 1:3 hesabı ilə uduzan bunlar deyildi.  

 

...Araz Abdullayev matçın sonlarında qırmızı vərəqə aldı. Niyə? Oyunu nəvəsi ilə izləyən azarkeşlərdən biri ona “niyə yaxşı oynamırsan, niyə qaçmırsan” deyə, sual edib. Bu isə Arazın xətrinə elə dəyib ki, yanındakı körpəni nəzərə almadan həmin şəxsə söyüşlə cavab verib. Bu haqda baş hakim Elvin Əsgərova məlumat verən və onu meydandan qovulmasının vacibliyini bildirən laynsmana təşəkkür düşür.

 

Əslində, Araz kimilərindən bunu gözləmək adi haldır. Adam son vaxtlar gündəmi oyunu ilə deyil, meydandan kənardakı xoşagəlməz əməlləri ilə zəbt edir. Bir müddət öncə idarə etdiyi avtomobillə bir qadını öldürüb, digərini ağır yaraladı. Üstündən 2 həftə keçməmiş yenidən meydanda peyda oldu. Media yazmasaydı, uzun müddət xəstəxanada ölümlə çarpışan o xanıma da baş çəkməyəcəkdi.

 

5 gün əvvəl isə dünyagörüşünə, savadına uyğun səs siqnalını avtomobilində yerləşdirdiyi üçün yol polisi tərəfindən saxlanılmışdı. Təəssüf, indi “Neftçi”nin futbolçuları gündəmi belə zəbt edirlər. Hansı ki, vaxtilə bu komandanın futbolçuları gənclər üçün örnək sayılıb.  

 

İndi “Neftçi” arazlara, mahirlərə görə qınaq obyektinə çevrilib. İllərlə yığılan sevgi artıq nifrətə çevrilməkdədir. Amma hələ də gec deyil. Bu komandanın dəyərini bilməyənləri layiq olduqları yerə yollamaq zamanıdı...

 

 

0