“Neftçi”yə ən azından 4-5 qol vurmalı idik” - MÜSAHİBƏ
21.04.2014 - 09:47
“Neftçi”yə ən azından 4-5 qol vurmalı idik” - MÜSAHİBƏ

Topaz Premyer Liqasının XXXI turunda səfərdə “Neftçi”ni 3:1 hesabı ilə məğlub edən “Sumqayıt” klubunun futbolçusu Pərdis Fərcad-Azad oyundan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Son çempionla dueldə qələbə qazanacağınıza inanırdınızmı?

- Bu gün həqiqətən də çox yaxşı çıxış etdik. Oyuna biz nəzarət edirdik və elə bunun nəticəsində 3 xal qazandıq. Əslində, hesab daha böyük ola bilərdi. 3 yox, ən azından 4-5 qol vurmalı idik. Amma yaratdığımız şansları boşa verdik. Ən əsası qələbə idi, bunu da bacardıq.

 

- Oyuna əvəzetmədən daxil olsanız da, 78-ci dəqiqədə hesabı 3:0 etdiniz...

- Təbii ki, qol vurduğum üçün çox sevinirəm. Ancaq rəqibin kimliyi fərq eləmir. Hətta “Rəvan”a da qol vursam, eyni dərəcədə sevinərəm. Vacib olan komandaya kömək etmək, qələbədə pay sahibi olmaqdır.

 

- Komandanız 90 dəqiqə ərzində “Neftçi”dən heç də geri qalmadı, əksinə, real qol epizodu yaratmaq baxımından rəqibi üstələdi. “Sumqayıt”ı stimullaşdıran nə idi?

- Bilirsiz, “Neftçi”ni niyə məğlub etdik? Çünki meydanda ürəyimizi, canımızı qoyduq. Qələbə qazanmağı çox istəyirdik. Bu da nəticə qazanmağımıza gətirib çıxardı. Komandaya ruh verən, motivasiya edən də budur.

 

- Amma çempionatda qalmaq uğrunda mübarizədəki əsas rəqiblərinizlə matçlarda bu istəyi, ruhu görmədik...

- Biz bütün oyunlara qələbə üçün çıxırıq. Rəqibin kimliyinin fərqi yoxdur: AZAL-da ola bilər, “Rəvan”da. Sadəcə, oyunun alınıb-alınmamağı var. Hər dəfə fərqli alınır.

 

- Bir vaxtlar komandanın lideri, əsas qol ümidi hesab edilirdiniz. Ancaq son vaxtlar kölgədə qalmısınız. Bunun səbəbi nədir?

- Bir müddət zədə ucbatından meydandan kənarda qaldım. Yeni-yeni sıraya dönürəm. 4-5 həftə oynamayan futbolçu üçün birdən-birə geri dönüş etmək çox çətindir.

 

- “Sumqayıt” Premyer Liqada yerini qoruya biləcəkmi?

- Buna inanıram. Bu gün son sıradan qurtulduq və 9-cu pilləyə yüksəldi. Ən azı bu pillədəki yerimizi qorumaq üçün əlimizdən gələni edəcəyik.

0