“Barselona”nın oyunçusu: Bakıda günahımızı yumalıyıq - MÜSAHİBƏ
21.04.2014 - 09:57
“Barselona”nın oyunçusu: Bakıda günahımızı yumalıyıq - MÜSAHİBƏ

İspaniyanın “Barselona” klubunun futzalçısı Serxio Lozano UEFA-nın rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, ispan oyunçu bu həftə Bakıda keçiriləcək UEFA kubokunun “Dördlər finalı” haqda fikirlərini açıqlayıb.

 

- Ardıcıl 3-cü dəfə “Dördlər finalı”na qatılacaqsınız. UEFA kuboku sizin üçün nə dərəcədə önəmlidir?

- “Barselona” üçün Bakıda titul qazanmaq çox vacibdir. Futzalda UEFA kuboku Çempionlar Liqası kimidir. Ötən il Tiflisdəki büdrəmədən sonra günahımızı yumalıyıq. Çalışacağıq ki, ikinci dəfə bu yarışın qalibi olaq, ya da ən azı finala yüksələk.

 

- Ötən il yarımfinalda “Kayrat”a uduzmağınızı gözlənilməzlik sayırsız?

- Qatıldığı hər yarışda iddialı olan komanda üçün yarımfinalda uduzmaq ağırdır. Həmin vaxt daha artığına layiq idik. Bakıda kuboku geri qaytarmaq iddiasındayıq.

 

- “Dördlər finalı”nda çıxış edən klublar arasında ən güclü çempionatda siz çıxış edirsiz. Daxili arenadakı mübarizə sizin həlledici mərhələyə tam köklənməyinizə mane olmur ki?

- Mənim üçün hər gün, hər yarışda mübarizə aparmaq daha yaxşıdır.

 

- Ötən mövsümlə müqayisədə komandanız çox dəyişib?

- Ciddi dəyişikliklər olmayıb. Yenə də hədəfimiz “Barselona”nın adını ucaldacaq titullar qazanmaqdır. Lakin bilirik ki, “Dördlər finalı”nda iki qələbə qazanmaq çox çətin olacaq.

 

- “Araz” haqda nə deyə bilərsiz?

- “Araz” əvvəlki mərhələdə əla oynayıb. Üstəlik, onlar meydan sahiblərdir. Onların heyətində çox sayda braziliyalılar var. Rəqib haqda ötən il “Araz”la görüşəndə yaxşı məlumat toplamışdıq. Bu komanda Portuqaliyada “Sportinq”i mübarizədən kənarlaşdırıb. Onlar asanlıqla təslim olmayacaq.

 

- Oyunların Bakıda keçirilməsini necə qarşılayırsız?

- Futzalın bütün Avropaya sirayət etməsi əladır. Bu idman növü İspaniya və Rusiyadakı qədər populyar olmayan ölkələrdə də inkişaf edir. İndiyədək heç vaxt Bakıda olmamışam. Turnirlərin fərqli məkanlarda keçirilməsi müxtəlif yerləri görmək imkanı da yaradır. Mən də ora getməyə can atıram.

 

0