[b]Ancelo Vercesi daha “Azəryol”un baş məşqçisi deyil [/b]
21.04.2014 - 10:49
[b]Ancelo Vercesi daha “Azəryol”un baş məşqçisi deyil [/b]

Qadın voleybolçular arasında Azərbaycan Super Liqası başa çatdıqdan sonra ilk baş məşqçi istefası reallaşıb. Apasport.az saytının məlumatına görə, “siftə” həmişə olduğu kimi, yenə “Azəryol”dan gəlib.

 

Belə ki, Çempionlar Liqasında və CEV kubokunda uğursuz mövsüm keçirən, Super Liqanın final mərhələsində “Rabitə”yə hər 3 oyunda uduzan komanda rəhbərliyi Ancelo Vercesi ilə müqaviləni uzatmamaq qərarına gəlib.

 

Maraqlıdır ki, mövsümün gedişində braziliyalı mütəxəssisin özü və komandanın meneceri Yelena Şabovta saytımıza açıqlamasında baş məşqçi postunda dəyişiklik edilməyəcəyini bildirmişdi. Görünür, “Azəryol”un Super Liqa tarixində hələ çempion ola bilməməyi bu qərarda mühüm rol oynayıb.

 

2 mövsüm öncə “Bakı”ya bürünc medal qazandıran Vercesi artıq bunu özü də təsdiqləyib. O, sosial şəbəkədəki səhifəsində Azərbaycana təşəkkür edərək, artıq vətəninə yola düşüb: “Bakıda axırıncı gün... Təşəkkürlər Azərbaycan... Yaxşı mövsüm keçirdik. “Azəryol” rəhbərliyinə, məşqçilər heyətinə, oyunçulara və Azərbaycan “çox sağ ol” deyirəm”.

 

Qeyd edək ki, digər klublarda da baş məşqçi dəyişikliyi istisna deyil. 

0