Vaqif Cavadov: Bu görüşdən hər şey gözləmək olar - MÜSAHİBƏ
21.04.2014 - 11:36
Vaqif Cavadov: Bu görüşdən hər şey gözləmək olar - MÜSAHİBƏ

 “İnter” klubunun futbolçusu Vaqif Cavadovun apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XXXI turunda “Bakı” üzərində 4:0 hesablı qələbə qazandınız. Nəticə qanunauyğun idi?

- Qanunauyğun deyəndə ki, biz bu komandaya cari mövsüm uduzmamışıq. “Bakı” yaxşı komandadır. Ancaq görünür, biz daha istəkli idik. Ona görə də hesab bu cür alındı.

 

- Gümüş medallar uğrunda əsas rəqibiniz olan “Neftçi”nin oyunlarına heç diqqət ayırırsınız?  

- Yox. Biz yalnız öz oyunumuza fikir veririk. Bütün görüşlərdə qələbə qazanmaq istəyirik. Hazırda II pillədəyik ki, bu da bizi qane edir.

 

- II pilləni sonadək qoruyub saxlamağınız mümkün olacaq?

- Şans həmişə var. Biz “Bakı” ilə oyunda göstərdik ki, ən azı gümüş medallara layiqik. Hələ qarşıda 5 tur var. Çalışıb çempionatın qalan qarşılaşmalarının hamısında qalib gəlməliyik.

 

- “Bakı”ya komandanızın sonuncu qolunu vurdunuz. Ancaq son 5 turda qol vurmamaqla, çempionatın bombardiri Reynaldodan xeyli geri qaldınız. Bu haqda nə deyə bilərsiniz?

- Nəzərə alın ki, zədəli olduğum üçün “Rəvan”la oyunu buraxmışdım. Geri qalmağıma gəlincə, bu, Allahın işidir.  

 

- Ölkə kubokunun 1/2 final mərhələsinin ilk oyunları gözlənilməz nəticələrlə yadda qaldı. Komandanız turnirdən kənarda qalsa da, fikirlərinizi bilmək maraqlı olardı.

- Heç gözləməzdim ki, “Xəzər Lənkəran” “Qəbələ”yə 0:3 hesabı ilə uduzsun. Məncə, heç kim buna inanmırdı. Bu, futboldur. Amma yenə də demək istəyirəm ki, “Qəbələ” 3 top vurubsa, “Xəzər Lənkəran” da bunu doğma azarkeşləri önündə edə bilər. “Neftçi” – “Rəvan” matçında da hələ heç nə bilinmir. Hər iki komanda bu oyuna yaxşı hazırlaşa bilər. Ona görə də bu görüşdən də hər şey gözləmək olar.

 

Səbuhi TOFİQOĞLU   

0