Dodo: Arxada qoyduğum 100 oyundan həzz almışam
21.04.2014 - 11:55
Dodo: Arxada qoyduğum 100 oyundan həzz almışam

“Qəbələ”nin tarixinə düşdüyümə görə sevincliyəm. Xoşbəxtlikdən 100-cü oyunum qələbə ilə yekunlaşdı. Bu mənim üçün xüsusi yaddaqalan oldu”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin yarımmüdafiəçisi Dodo deyib.

 

Braziliyalı yarımmüdafiəçi dünən Topaz Premyer Liqasının XXXI turunda “Rəvan”a qarşı forma geyinməklə “Qəbələ”də 100-cü oyununu keçirib. O, bu nəticə ilə bölgə təmsilçisinin sabiq latviyalı qapıçısı Pavel Doroşevi qabaqlayaraq klubun ən çox oyun keçirən futbolçusu ünvanına sahib çıxıb.

 

Qələbə ilə yekunlaşan “Rəvan” – “Qəbələ” matçının ardından braziliyalı futbolçu 100-cü oyun təəssüratlarını klubunun rəsmi saytına bölüşüb: “Artıq 3-cü ildir ki, “Qəbələ”dəyəm. Bu müddət ərzində həm sevincli, həm kədərli günlərimiz olub. Komandamla gözəl qələbələrə sevinib, gözlənilməz məğlubiyyətlərə üzülmüşük. Amma heç vaxt “qırmızı-qara” formanı geyinməyimə peşman olmamışam, bu formanı daşımaqdan yorulmamışam. Hər zaman rəhbərlikdən dəstək, azarkeşlərimizdən sevgi görmüşəm. Yəni arxada qoyduğum 100 oyundan həzz almışam. Bu forma ilə böyük uğurlar qazanmaq istəyirəm. İnanıram ki, istəklərimə nail olacağam”.

 

Qeyd edək ki, “Qəbələ”nin 2:1 hesabı ilə qalib gəldiyi matçda Dodo 90 dəqiqə meydanda olub.

0