“Bakcell Arena”da növbəti qalmaqal
21.04.2014 - 13:17
“Bakcell Arena”da növbəti qalmaqal

Topaz Premyer Liqasının XXXI turunun “Neftçi” - “Sumqayıt” matçından əvvəl “Bakcell Arena”da qalmaqal düşüb. Apasport.az saytının xəbərinə görə, bu dəfə xoşagəlməz olay polislə stadionun mühafizəçiləri arasında yaranıb.

Belə ki, oyunun başlamasına bir neçə dəqiqə qalmış Post Patrul Xidmətinin əməkdaşları xidməti avtomobillə arenaya daxil olmağa çalışıblar. Amma mühafizəçilər buna imkan verməyib. Bildirilib ki, stadiona cəmi 2 xidməti avtomobil buraxıla bilər.

Bundan narazı qalan asayiş keşikçiləri mühafizəçinin otağa daxil olublar və burada qalmaqal düşüb. Vəziyyət hətta o həddə çatıb ki, otaqda olan digər mühafizəçilər polisləri sakitləşdirməkdə, onları ayırmaqda çətinlik çəkib.

Qeyd edək ki, “Bakcell Arena”da ölkə kubokunun yarımfinal oyununda da qalmaqal düşmüşdü. “Neftçi” – “Rəvan” matçından sonra dəhlizdə kənar şəxslər olduğu və təhlükəsizlik təmin edilmədiyi üçün AFFA-nın İntizam Komitəsi “ağ-qaralar”ı 5 min manat cərimələmişdi. 

0