“UEFA Kuboku Azərbaycana impuls verəcək” - FOTO
21.04.2014 - 13:26
“UEFA Kuboku Azərbaycana impuls verəcək” - FOTO

“Bu, şəxsən mənim və klub üçün böyük uğurdur. Bakı bu yarışı keçirdiyi üçün çox sevinir. Çünki bütün Avropa bu turniri görəcək”. Apasport.az saytının məlumatına görə, bunu millimizin və “Araz”ın futzalçısı Elnur Qəmbərov deyib.

 

35 yaşlı oyunçu Bakıda keçiriləcək UEFA Kubokunun “Dördlər finalı” öncəsi müsahibə verib. O, 2010-cu ildə Portuqaliyanın paytaxtı Lissabonda keçirilən bu turnirin bürünc medalını qazanmalarının təsadüf olmadığını söyləyib: “Hamı deyirdi ki, bizim 4 il əvvəl “Dördlər finalı”na çıxmağımız təsadüf idi. Ancaq klubumuzun heyəti və məşqçiləri qarşımıza məqsəd qoyduq ki, bu dəfə final mərhələsinə çıxaq. Biz həlledici mərhələyə gedən yolda güclü rəqibləri məğlub etdik ki, onların arasında Portuqaliyanın “Sportinq” klubu da vardı”.

 

Qəmbərov azarkeşlərimizdən də danışıb: “Bakı və bütün Azərbaycan irəli baxır. İlk belə haldır ki, biz əsas futzal turnirinə ev sahibliyi edirik. Azarkeşlərimizdən böyük dəstək alacağıq. Azərbaycan azarkeşləri emosionaldır, onlar futzalı çox sevir. Bəzən bilet almaq çətin olur. Düzünü desəm, azarkeşlərimiz futzalı futboldan çox xoşlayır. Futzal bizim cana daha yaxındır. Cavan oğlanlar 4-4-ə, 6-6-ya hər küçədə, hər məktəbin həyətində bu oyunu oynayırlar. UEFA Kuboku bizə, Azərbaycana impuls verəcək. O, Bakının dünya futzalının paytaxtına çevrilməsinə kömək edəcək”.

 

Qeyd edək ki, “Araz” “Dördlər finalı”nın yarımfinalında aprelin 24-də İspaniyanın “Barselona” klubu ilə qarşılaşacaq. Bu görüş saat 21:00-da başlayacaq.

 

0