“Vaqif Sadıqovla Tərlan Əhmədovun fərqi ondadır ki...” - MÜSAHİBƏ
21.04.2014 - 15:30
“Vaqif Sadıqovla Tərlan Əhmədovun fərqi ondadır ki...” - MÜSAHİBƏ

Topaz Premyer Liqasının XXXI turunda səfərdə “Xəzər Lənkəran”la heç-heçə oynayan AZAL klubunun müdafiəçisi Branislav Arseniyeviç qarşılaşmadan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- 1:1 hesablı bərabərliyi komandanız üçün yaxşı nəticə saymaq olar?

- Fikrimcə, pis deyil. Əslində, Lənkərana qələbə üçün gəlmişdik. Amma bu nəticəni yaxşı saymaq olar. Komandamızın əsas heyətinin 5 üzvü cəzalı və zədəli olduğundan oyunda iştirak etmirdi. Bu, bizim üçün ciddi itki idi. Amma onları əvəz edən futbolçular da pis çıxış etmədilər. Bildiyim qədəri ilə “Xəzər Lənkəran”ın da bir neçə əsas futbolçusu meydanda yox idi. Onlar da “Qəbələ” ilə kubokun yarımfinal oyununa hazırlaşırlar.

 

- Komandanızın son 2 turda uduzmamağını yaxşı nəticə hesab edirsiniz?

- “Qəbələ” və “Xəzər Lənkəran” kimi komandalarla səfər oyunlarında heç-heçə etmək əlbəttə ki, yaxşı nəticədir. Deməli, son iki turda yaxşı oynadıq. Bunda yeni baş məşqçimizin də rolu var. Uğursuz 3 görüşdən sonra ardıcıl iki çətin səfərdən heç-heç ilə ayrılmaq yaxşıdır.  

 

- Son heç-heçələrdə baş məşqçiniz Tərlan Əhmədovun rolunun olduğunu dediniz. O, əvvəlki çalışdırıcınız Vaqif Sadıqovdan nə ilə fərqlənir?

- Baş məşqçilər arasında fərq ondadır ki, Əhmədov bizə daha çox sərbəst oynamağa imkan verir. Meydanda bizi sıxmır. Həmçinin, 3 ardıcıl uğursuz oyundan sonra biz yaxşı olacağını, qarşıdakı oyunlara daha yaxşı hazırlaşıb, özümüzə inanmağımızı söylədi. Elə son iki turda da bunun nəticəsini görürük.

 

- AZAL üçün artıq çempionatın demək olar heç bir əhəmiyyəti yoxdur. Qarşılaşmalara motivasiya olunmaq da çətindir...

- Düz deyirsiniz ki, oyunların əhəmiyyəti yoxdur. Komandada bir az problemlər oldu, yeni oyunçular gəldi, onlar öyrəşincə xallar itirdik. Əgər vaxtında daha yaxşı çıxış etsəydik və müəyyən problemlərlə üz-üzə qalmasaydıq, bu gün daha yaxşı yerlər üçün mübarizə aparacaqdıq. Amma alınmadı. Bu oyunlar isə bizim özümüzü göstərməyimiz baxımından əhəmiyyətlidir. Hər oyunda qələbə qazanmalıyıq ki, inam olsun və növbəti mövsümə də daha yaxşı hazırlaşaq.

 

- Meydanda aqressiv görünməyinizin səbəbi nə idi?

- İki oyunda meydana çıxmamışdım. Meydana çıxdım və özümü göstərmək istəyirdim. Mübarizələrdə daha aqressiv olduğumu özüm də hiss edirdim. Əslində, bu aqressivlik komandamın qələbəsini istədiyim üçündür. Yoxsa başqa bir niyyətim yox idi.

 

- Sarı vərəqə aldığınız epizodda baş hakimə çox etiraz etdiniz. Hətta hücum başa çatandan sonra da ona nəyisə başa salırdınız...

- Əslində, hakim səhvə yol vermişdi. Bəlkə də sarı vərəqə verilməli epizod idi. Amma mən ilk dəfə idi ki, qaydanı pozurdum. Ömər Paşayevdən şifahi xəbərdarlıq gözlədim. Amma birbaşa sarı vərəq göstərdi. Həm də oyunun əvvəli idi. Axı güzəştə gedə bilərdi.

 

ELSEVƏR

0