Ramos “Neftçi”nin əsas problemini açıqlayıb, azarkeşləri günahlandırdı - MÜSAHİBƏ
22.04.2014 - 14:58
Ramos “Neftçi”nin əsas problemini açıqlayıb, azarkeşləri günahlandırdı - MÜSAHİBƏ

“Neftçi” klubunun yarımmüdafiəçisi Erik Ramosun apasport.az saytına müsahibəsi

 

- Komandanızın Topaz Premyer Liqasının XXXI turunda autsayder “Sumqayıt”a biabırçı məğlubiyyəti haqda fikirlərinizi bilmək istərdik...

- Çox bərbad oynadıq. Qələbə qazanmalı olduğumuz qarşılaşmada 1:3 hesabı ilə uduzduq. Artıq bunu unudub, “Rəvan”la kubok matçını düşünməliyik.

 

- Son oyunlardakı uğursuzluğunuzun səbəbi nədir?

- Hər şey “İnter”lə görüşdən sonra başladı. Bu komandaya uduzduqdan sonra “qara zolağ”a düşdük. Hələ də özümüzə gələ bilmirik. Bunun üçün çalışmaq lazımdır.

 

- Baş məşqçiniz Böyükağa Hacıyev komandadan narazı qalıb. O, hətta “Sumqayıt”la oyundan sonra bəzi futbolçuların intihar etməli olduğunu bildirmişdi...

- Bu haqda nəsə deyə bilmərəm. Bildiyim odur ki, “Neftçi”nin əsas problemi hücum xəttindədir. Melvin Platye uğursuz transfer idi, Bahodır Nasimov zədələnib. Tək Ernest Nforla nəsə etmək olmaz. Fikrimcə, bütün bunlar uğursuzluqda başlıca səbəbdir. Ötən mövsüm Nikolas Kanales var idi, çempionatın bombardiri oldu. Onun qolları komandanı uğura daşıyırdı. 20-dən çox qol vurmuşdu.

 

- “Neftçi” ikinci yer uğrunda mübarizə aparır. Amma görünən odur ki, bu vəziyyətdə heç gümüş medala da sahib ola bilməyəcəksiniz...

- Qarşıda hələ 5 tur var və “İnter”lə fərqi qaldırmaq olar. Təbii ki, fərq böyüməsə. Amma biz kuboku düşünürük.

 

- Ölkə kubokunun yarımfinal mərhələsinin ilk matçında “Rəvan”ı asanlıqla məğlub edəcəyiniz gözlənilsə də, bu, baş vermədi. Rəqib səfərdə sizə qol vurdu. Bayılda sizə çətin olmayacaq?

- “Rəvan” göründüyü qədər asan rəqib deyil. Birinci oyunda rəqibin qol vurması bizim işimizi çətinləşdirir. Biz çox diqqətli və sakit oynamalıyıq. Oyunun ilk dəqiqələrində rəqibə qol vurmağa, ən azından səfər qollarında tarazlıq yaratmağa çalışacağıq.

 

- Nasimov zədəli, Mahir Şükürov cəzalıdır. Onların yoxluğu komandanıza çoxmu təsir edəcək?

- Hər ikisi vacib futbolçudur. Hücum xəttində problemlərimiz qalmaqda davam edir. Ön xətdə lazımı təzyiqin olmamağı öz sözünü deyir. O ki qaldı Mahirə, onu əvəzləyəcək futbolçunun layiqincə vəzifəsinin öhdəsindən gələcəyinə inanıram.

 

- AFFA İntizam Komitəsi Araz Abdullayevə 3 oyunluq cəza verdi. Yəqin bundan xəbəriniz var...

- Araz yaxşı, bizim üçün vacib futbolçudur. “Neftçi” onun yoxluğunu hiss edəcək.

 

- Onun azarkeşi söyməsini necə qarşıladınız?

- Mən orda nə baş verdiyini dəqiq bilmirəm.

 

- Nə baş verdiyini söylədik: Araz azarkeşi söyüb...

- Bu barədə eşitmişdim. Amma öncə azarkeş ona nəsə deyib. Araz da əsəbi olduğu üçün cavab qaytarıb.

 

- Abdullayevin yerində olsaydınız, eyni hərəkəti edərdiniz?

- Bizim azarkeşlər də düzgün etmədilər. Biz məğlub durumda olarkən “Sumqayıt”a dəstək olmağa başladılar. Sonra da Araza nəsə dedilər və o da cavab qaytardı. Bu, futbolçunu təxribata çəkməkdir. Dünyanın hər yerində belə hallara rast gəlinə bilər. İnanıram ki, Araz bundan dərs çıxaracaq.

 

ELSEVƏR

0