“Şəmkir turnirində iştirakı özümə borc bilirdim” - MÜSAHİBƏ
22.04.2014 - 15:30
“Şəmkir turnirində iştirakı özümə borc bilirdim” - MÜSAHİBƏ

Rusiyalı qrossmeyster Serqey Karyakinin mübarizə apardığı "Shamkir Chess 2014" turnirinin saytına müsahibə verib. Apasport.az xəbər verir ki, tanınmış şahmatçı yarışın ənənəvi keçirilməsi arzusundadır.
 

-  "Shamkir Chess 2014" turnirində 2 tur arxada qalıb. Təəssüratlarınızı bilmək maraqlı olardı...

- Şəmkirdə dünyanın güclü şahmatçıları toplaşıb. Həm A, həm B turnirində maraqlı partiyalar izlənilir. Rəqabət çox yüksəkdir. 2 turdan sonra aktivimdə 1 xal var. 3-cü tur Maqnus Karlsenlə mübarizə aparacam. İndidən hansı şahmatçının qalib gələcəyini söyləmək çətindir. Əsas mübarizə irəlidədir.

 

- Maqnus Karlseni dayandırmaq mümkün olacaqmı?

- Karlsen 2 turdan 2 xal toplayıb. Ötən gün Nakamuraya qalib gəldi. Güclü şahmatçıdır. Unutmaq olmaz ki, dünya çempionudur. Lakin heç kim Şəmkirə uduzmaq üçün gəlməyib. Karlsenin Şəmkirdə qələbə qazanacağını indidən söyləmək olmaz.

 

- Vüqar Həşimovla bağlı hansı xatirəniz var?

- Vüqar mənim yaxın dostum olub. Onu itirmək şəxsən mənim üçün faciə idi. Astanada keçirilən sürətli şahmat üzrə dünya çempionatında iştirak edəndə onunla tez-tez danışırdıq. Bir dəfə dedim ki, sənin yerin görünür yarışda. Çünki, hamı bilirdi ki, Vüqar sürətli şahmatın mahir ustası idi. Onu dayandırmaq çətin məsələydi. Vüqar cavab verdi ki, Serqey sən həm öz yerinə, həm də mənim yerimə oyna. Şəmkir turnirində iştirakı özümə borc bilirdim. Həşimovun adı olan turnirdə mütləq iştirak etməliydim. 

 

- Şəmkir haqda təəssüratlarınızı necədir?

- İndiyə qədər ölkənizdə yalnız Bakıda olmuşdum. Şəmkir maraqlı şəhərdir. Təbiəti gözəldir. Düzünü deyim ki, ətrafı gəzmək imkanımın çox olmasını istərdim. Yəqin, istirahət günündə Şəmkirin mərkəzi yerlərinə getmək imkanı olacaq. 

 

- Bəzi həmkarlarınız "Shamkir Chess 2014" turnirini məşhur Linareslə müqayisə edir...

-"Shamkir Chess 2014" turniri Linaresdən geri qalmır. Təşkilatçılar yüksək səviyyədə turnir keçirir. 6 şahmatçının iştirak etdiyi turnir 22-ci kateqoriyaya aiddir. Bu artıq rəqabətdən xəbər verir. Fikrimcə, yarış ənənəvi olmalıdır. Əgər təşkilatçılar yarışı ənənəvi keçirsələr, "Shamkir Chess" gələcəkdə dünyanın ən nüfuzlu şahmat turnirlərindən biri olacaq. 

 

- “Shamkir Chess 2014” sizin üçün ardıcıl üçüncü turnirdir. Yorğunluq oyununuza təsir edir?

- Bir qədər yorğunluq olur. Bəzən fikrim partiyadan yayınır. Amma şahmat bizim həyatımızdır. Bunun üçün ardıcıl üçüncü turnir olsa belə maraqla oynayıram. Karlsen, Nakamura, Rəcəbov, Məmmədyarovun iştirak etdiyi mübarizə maraqsız ola bilməz. 

 

0