Etto: Qəbahətim böyükdür - MÜSAHİBƏ
23.04.2014 - 17:33
Etto: Qəbahətim böyükdür - MÜSAHİBƏ

“Bakı”nın Etto ləqəbli braziliyalı futbolçusu Elilton Arauju dos Santosun apasport.az saytına  müsahibəsi

 

- Topaz Premyer Liqasının XXXI turunun “İnter”lə matçında baş hakim Rəhim Həsənova hücum çəkdiniz. Bu hərəkətiniz geniş müzakirə olundu, sonda isə 10 oyunluq cəza aldınız...

- Mən həmin hərəkəti edəndə özümdə olmamışam, bilərəkdən etməmişəm. Həmin hakimdən və bütün Azərbaycan futbolundan üzr istəyirəm. 12 illik karyeramda heç zaman belə bir hərəkət etməmişəm. Həmin hakimi harda görsəm, şəxsən ondan üzr istəyəcəm. Verilən 10 oyunluq cəzaya layiqəm. İnsanıq, səhv edə bilərik. Bütün məsuliyyəti öz üzərimə götürürəm. İnanıram ki, AFFA da, həmin hakim də mənim üzrümü qəbul edəcəklər.

 

- Baş hakimin sizə göstərdiyi vərəqələrlə razısınız?

- Bu, onun işidir. Mənə vərəqə göstərə, meydandan qova bilər. Onun qərarına hörmətlə yanaşmaq lazımdır. Səhvimi anlamışam. Əgər baş hakim Rəhim Həsənov üzrümü qəbul etsə, buna çox sevinərəm. Ən böyük qəbahət məndə idi.

 

- Amma Rəhim Həsənov başqa fikirdədir. O, sizin Azərbaycandan qovulmağınızı istəyir...

- Bir səhv edib, üzr istədim. Əgər doğurdan elə düşünürsə, bu, onun problemidir.

 

- “İnter”ə 0:4 hesablı məğlubiyyətinizin səbəbi nə idi?

- Rəqib Premyer Liqadakı ən güclü komandalardan biridir. Onlara qarşı oynamaq asan deyildi. Həm də ilk hissədə rəqib əlinə düşən fürsəti dəyərləndirdi. Daha doğrusu, uzaqdan gözəl qol vurdular. İkinci hissə başlayan kimi hesab 2:0 oldu və bundan sonra oyunda dönüş yaratmaq çətin idi. Qırmızı vərəqədən sonra isə rəqib daha iki dəfə fərqləndi.  

 

- Üçüncü pillə üçün şanslarınız artıq itmək üzrədir. İtirilən xalları bərpa etmək mümkün görünürmü?

- Düzdü, biz özümüzü çətin vəziyyətdə qoyduq. Amma hələ mövsüm bitməyib. Biz nəinki üçüncülük, hətta ikinci pillə üçün də şansımızı saxlayırıq. Son 5 turda daha yaxşı oynayıb, rəqiblərin büdrəməsini gözləyəcəyik.

 

- Qarşıdakı oyununuz “Sumqayıt”a qarşı olacaq. Bu komanda ilə son oyununuzda qalmaqal yaşanmışdı. Bu dəfə autsayderlə matçdan nə gözləyirsiniz?

- Bizə qalmaqal lazım deyil. “Sumqayıt”la görüşdə qalib gəlmək istəyirik. Artıq uğursuzluqları unutmaq lazımdır. Təəssüf edirəm ki, həmin oyunda olmayacağam.

 

- Bundan sonra əvəzedici heyətdə oynayacaqsınız. Çətin olmayacaq?

- Mövsümü əvəzedici heyətdə başa vuracağam. Etdiyim hərəkətin cəzasını çəkməliyəm. Çətin olsa da, olmasa da, mənə cəza verilib.

 

ELSEVƏR

0