“Barselona” qapıçı axtarır
24.04.2014 - 03:39
“Barselona” qapıçı axtarır

 

Eyni zamanda iki qapıçısını itirmək təhlükəsi ilə üzləşən “Barselona” axtarışlara başlayıb. Apasport.az saytının məlumatına görə, Kataloniya klubu “Malaqa”nın qapıçısı Kabalyeroya göz dikib.

 

“Barselona”nın əsas qapıçısı Viktor Valdes ciddi zədələnib və 9 ay müddətinə sıradan çıxıb. Bundan əlavə, o, hələ bir neçə ay öncə mövsümün sonunda komandanı tərk etməyə hazırlaşdığını bəyan etmişdi.

 

Bir neçə gün öncə Valdesin əvəzedicisi Pinto da mövsümün sonunda Kataloniya klubunu tərk edəcəyini açıqlayıb. 2007-ci ildə “Barselona”ya keçən 38 yaşlı Pinto komanda ilə yeni müqavilə imzalamaq istəmir.

 

Valdes və Pintonun boşluğunu doldurmaq üçün “Barselona” yeni axtarışlara başlayıb. Kataloniyalıların diqqəti “Malaqa”nın heyətində çox gözəl oyun nümayiş etdirən Kabalyeroya yönəlib. 32 yaşlı qapıçı “Barsa”nın idman direktoru Andoni Subisarettanın çox xoşuna gəlir. Yeni oyunçular almaq hüququnu qaytaran Kataloniya klubu “Malaqa”nın Kabalyero üçün böyük məbləğ istəməyəcəyinə ümid edir.

 

“Barselona”nın bir nömrəli qapıçısı postuna əsas namizəd Menxenqladbax “Borussiya”sının qapıçısı Mark-Andre ter Şteqendir. Amma kataloniyalılar Kabalyeronu bütün hallarda almağa ümid edirlər.

 

 

0