“Baku Fires” Qazaxıstan klubu ilə görüş üçün heyətini açıqladı
24.04.2014 - 08:49
“Baku Fires” Qazaxıstan klubu ilə görüş üçün heyətini açıqladı

Aprelin 26-da Astana şəhərində Ümumdünya Boks Seriyasının (WSB) yarımfinal mərhələsinin ilk görüşü keçiriləcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycanın “Baku Fires” klubu səfərdə Qazaxıstanın “Astana Arlans” komandası ilə qarşılaşacaq.

 

Cari çempionatda “Baku Fires” və “Astana Arlans” qrup mərhələsində 2 dəfə üz-üzə gəliblər. Qazaxıstanda yerli komanda 4:1, Qubada isə eyni hesabla təmsilçimiz qələbə qazanmışdı.

Komandaların heyətləri artıq məlumdur:

 

Astana Arlans – Baku Fires

49 kq. Mardan Berikbayev - Xamza Nametov

56 kq. Bağdat Alimbekov – Qairbek Qermaxanov

64 kq. Janibek Ajibay - Heybətulla Hacəliyev

75 kq. Sergey Derevyançenko – Soltan Migitinov

91 kq. Vasili Levit – Abdulqadir Abdullayev

 

Qazaxıstan klubunun ən tanınan siması ukraynalı Sergey Derevyançenkodur. WSB liqasında 22 döyüşdə qalib gələn Derevyançenko yalnız bir qarşılaşmada məğlub olub. O, Migitinovla artıq bir dəfə qarşılaşıb. 3 il əvvəl liqanın fərdi yarşlarının çempionu olmaq uğrunda döyüşdə milli komandamızın üzvü təcrübəli rəqibinə uduzmuşdu. Ancaq Ukrayna Boks Federasiyası Derevyançenkonun London Olimpiadasına yollanmasına icazə vermədiyindən onun lisenziyası Migitinova təqdim olunmuşdu. Seçmə komandamızın üzvü bu mövsüm 1 görüşə çıxıb və qələbə qazanıb.

 

Vasili Levit də Astana təmsilçisinin əsas boksçularındandır. Cari mövsümdə 5 dəfə rinqə çıxan qazaxıstanlı boksçu bütün görüşlərini qələbə ilə başa vurub. Levit 1-ci turda Abdulqadir Abdullayevi də məğlub edib.

 

Qermaxanovun rəqibi olacaq 25 yaşlı Alimbekov da “Astana Arlans”ın təcrübəli boksçularındandır. 2010/2011-ci illər mövsümündən Qazaxıstan komandasının heyətində çıxış edən idmançı 8 qələbə qazanıb. Alimbekov cari çempionatda iki döyüş keçirib və bunların birində qalibiyyət əldə edib. O, 1-ci turda Qazaxıstanda Məhəmməd Qurbanovu üstələmişdi.

 

Qeyd edək ki, bu gün keçiriləcək digər yarımfinal görüşündə Rusiya komandası Moskvada “Cuba Domaderos”la qarşılaşacaq.

“Astana Arlans” və “Baku Fires” komandaları arasında cavab qarşılaşması mayın 3-də Quba Olimpiya Kompleksində keçiriləcək.

 

0