Zrnanoviç “Simurq”dan gedir: Qalmaq istəmirəm
24.04.2014 - 09:31
Zrnanoviç “Simurq”dan gedir: Qalmaq istəmirəm

“Simurq”da qalmaq istəmirəm”. Bunu apasport.az saytına “Simurq”un bosniyalı mərkəz müdafiəçisi Dilaver Zrnanoviç deyib.

 

Cari mövsüm başa çatmasa da, artıq “Simurq”dan ayrılacaq futbolçuların kimliyinə tədricən aydınlıq gəlməkdədir. Çünki nəzəri şansları qalsa da, Zaqatala təmsilçisinin avrokuboklara getməyəcəyi, beləliklə mövsümü boşa verdiyi gün kimi aydındır. Ona görə də müqaviləsi bitən futbolçuların bəzilərinin ardıcıl 2 mövsümdür ortabab imicindən qurtula bilməyən komandanı tərk edəcəyi gözlənilir.

 

Bunlardan biri də Dilaver Zrnanoviçdir. 2-ci mövsümdür “Simurq”da çıxış edən 29 yaşlı futbolçu xarici klublardan birindən sərfəli təklif alıb: “Onsuz da “Simurq”la müqaviləmin müddəti mayda sona çatacaq. Ona görə də fürsətdən yararlanıb burdan ayrılmaq istəyirəm. Çünki başqa xarici klubdan təklif almışam. Bu təklif, təbii ki, vətənim Bosniya və Herseqovinadan deyil. Amma onu deyə bilərəm ki, mənə orda “Simurq”dan daha çox pul verirlər. Görək, necə olacaq. Bu yandan da “Simurq” məni buraxmaq istəmir”.

 

Qeyd edək ki, 2012-ci ilin yayında “Sarayevo”dan “Simurq”a keçən Dilaver Zrnanoviç ötən mövsüm 31, cari mövsüm isə 17 oyun keçirib.

 

Səbuhi TOFİQOĞLU 

0