Qədir Hüseynov: Vüqar həmişə bütün qazancını məşqlərə xərcləyib - MÜSAHİBƏ
24.04.2014 - 18:46
Qədir Hüseynov: Vüqar həmişə bütün qazancını məşqlərə xərcləyib - MÜSAHİBƏ

 

Azərbaycan yığmasının şahmatçısı Qədir Hüseynov "Shamkir Chess 2014" turnirinin rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, şahmatçı müsahibəsində Vüqar Həşimovla bağlı xatirələrini yada salıb və turnirin yüksək səviyyədə keçirildiyini bildirib.

 

- İlk olaraq, “Shamkir Chess 2014” turniri ilə bağlı fikirlərini bilmək istərdik...

 

- Çox güclü turnirdə iştirak edirik. Hətta “B” qrupu belə 17-ci kateqoriyadır. Əgər ancaq əcnəbi şahmatçıları nəzərə alsaq, onda, "B" qrupunun 20-ci kateqoriya olduğunu nəzərə almalıyıq. Bizim yarışda Çin, Polşa, Fransa yığmasının liderləri iştirak edir. Ona görə də, çətin mübarizə ilə rastlaşırıq. Əsas məqsəd dostum Vüqar Həşimovu xatırlamaqdır. Onu itirmək çox çətin idi. Nəticə üçün mübarizə aparmırıq. “Synergy Group”a təşəkkür edirəm. Amma çox istərdim ki, bu yarış ənənəvi olsun.

 

- 4-cü turda Vasif Durarbəyli üzərində qələbə qazandın. Bu barədə nə deyə bilərsən?

 

- Partiyanın gedişində üstünlük qazandım və sona qədər düzgün gedişlər etdim. Nəticədə, Vasif üzərində qələbə qazandım. Azərbaycan şahmatçıları ilə mübarizə aparmaq bir qədər çətin olur. Biz bir-birimizi gözəl tanıyırıq. Eyni zamanda, yığmada bir yerdə çıxış edirik. Ona görə Şəmkirdə risk etmirik.

 

- Yəqin, Rauf Məmmədova qarşı oynamaq daha çətin olar...

 

- Şəmkirdə o qədər risk etmirik. Biz xatirə turnirində iştirak edirik. Əgər konkret hədəf olsaydı, əlbəttə, həmyerlilərimizə qarşı daha ciddi köklənmiş olardıq. Raufla mənim əsas məqsədim Azərbaycan yığmasının uğurlarıdır.

 

-  Şəmkirdəki şəraiti hamı yüksək qiymətləndirir. Sənin fikrini öyrənmək maraqlı olardı?

 

- Turnir Vüqar Həşimovun xatirəsinə layiq keçirilir. İstərdim ki, hər il Vüqarı yada salaq. Əgər imkan olmasa, "A" turniri ənənəvi olsun. "B" turniri keçirilməsə də olar. Amma ulduz şahmatçıların Şəmkirə toplaşması vacibdir. Mənim üçün bu ikiqat əhəmiyyətlidir. Çünki özüm də Şəmkirdənəm. Yurdumun gözəlləşməsi məni daha da sevindirdi.

 

- Vüqarla bağlı hansı xatirəni bizimlə bölüşə bilərsən?

 

- 10 yaşından onunla bir yerdə idik. Yarışlarda, Bakıda həmişə bir olmuşuq. 2006-2007-ci illərdə mənə dedi ki, Qədir üzərimizdə işləməliyik. Əks halda, irəli getməyəcəyik. İran Liqasında çıxış edirdik. Təsəvvür edin, çətin İran səfərlərindən sonra bütün qazancını məşqlərə verirdi. Mənim ürəyim gəlmirdi. Axı biz o pulu əziyyətlə qazanmışdıq. Vüqar iki-üç turnirdən qazandığı pulu iki həftəlik hazırlığa ödəyirdi. Zaman keçdi, gördüm ki, o, düz eləyib. İl yarımdan sonra Bakıdakı Qran-Pridə qələbə qazandı. Ardınca FIDE reytinqində 6-cı pilləyə yüksəldi.

 

0