Rəşad Sadiqov: Orda oynamaq daha yaxşı idi - MÜSAHİBƏ
24.04.2014 - 23:00
Rəşad Sadiqov: Orda oynamaq daha yaxşı idi - MÜSAHİBƏ

“Neftçi” klubunun yarımmüdafiəçisi Rəşad Sadiqov “Rəvan”la ölkə kubokunun yarımfinal mərhələsində keçirilən cavab matçından sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- 3:1 hesablı qələbə sayəsində Azərbaycan kubokunun finalına vəsiqə qazandınız...

- Özünüz də gördünüz, qarşılaşma bizim üstünlüyümüz şəraitində keçdi. Qələbəyə layiq idik. Çoxdandır belə oyun göstərmirdik. Bu gün sübut etdik ki, “Neftçi” kollektiv oyunla çox güclüdür və asan qələbələr qazanır.

 

- Demək olar ki, çempionatın XXXI turunun “Sumqayıt”la görüşü məhz kubokun yarımfinalına qurban verildi?

- Elə deməzdim. Həmin gün oyunumuz istədiyimiz kimi alınmadı. Yorğun idik, uşaqlar özlərini istədikləri kimi göstərə bilmədilər. İndi isə fikirləşirdik ki, bu qarşılaşma mövsümü titulla başa vurmaq üçün son şansımızdır.

 

-  “Sumqayıt”la görüşdən sonra baş məşqçi Böyükağa Hacıyev futbolçuları tənqid etmişdi. Hətta bildirmişdi ki, bəzi futbolçuların yerinə olsa, intihar edərdi...

- Böyükağa müəllim o sözləri deyəndə hirsli olub. Düzdü, həmin oyun bizə yaraşmadı, uduzmamalı idik. Onun ad günü ərəfəsində elə məğlubiyyətə layiq deyildik. Bütün futbolçular həmin matçı zəif keçirdilər. Məğlubiyyət hamıya çox pis təsir etmişdi.

 

- Həmin oyun ətrafında müxtəlif söz-söhbətlər dolaşdı. Hətta “Neftçi”nin bilərəkdən uduzduğunu iddia edənlər də oldu...

- Bilərəkdən uduzmaq söhbəti ola bilməz. 1998-ci ildən milli çempionatda oynayıram və heç vaxt belə şeyə şahidlik etməmişəm. Hansısa kluba kömək etmək düzgün deyil və bu, mənlik deyil.

 

- Son vaxtlar ən yaxşı oyununuzu bu gün keçirdiniz. Bu fikirlə razısısınız?

-  Ola bilər. Bu qarşılaşmaya çox yaxşı motivasiya olmuşdum. Buna görə də çıxışım istədiyim kimi alındı. Bundan əvvəl bir qədər əziyyət çəkirdim. Amma kubokda komandama kömək etdiyim üçün sevinirəm.

 

- Əvəzedici heyətə göndəriləndə hiss edirdiniz ki, doğurdan da əvvəlki Rəşad Sadiqov deyilsiniz?

-  Sizinlə razıyam. Bu hal hər bir futbolçunun başına gələ bilər. Hər bir futbolçu bütöv mövsümü eyni səviyyədə oynaya bilməz. Özüm də gedib əvəzedicilərdə oynamaq istədim. Çünki qalıb əsas heyətə ziyan verməkdənsə, orda oynamaq daha yaxşı idi. Bir az da başqa problemlər var idi. Ailə, şəxsi problemlərim var idi ki, onlar da oyunuma mane olurdu.

 

- Komandanın kapitanı olsanız da, meydanda söz sahibi braziliyalı legioner Flavinyo idi. O, Məqsəd İsayevin bir səhvinə görə üstünə hücum çəkdi. Buna münasibətiniz necədir?

- Mən də bəzi epizodlarda səhvlərinə görə bəzi gənc futbolçulara qışqırırdım. Süni meydanda oynamaq çətindir. Adi vəziyyətdə top itirəndə, istər-istəməz futbolçu hirslənir. Ona görə də Flavinyo belə hərəkət edib. Normal haldır. Buna pis baxmaq lazım deyil.

 

-  Mətbuatda başqa kluba keçəcəyiniz barədə xəbərlər dolaşır. Bir neçə klub var ki, sizi heyətində görmək istəyir. Rəsmi təklif göndərən varmı?

- Məni hansısa klub istəyə bilər. Amma “Neftçi” ilə hələ il yarımlıq müqaviləm var. Klub prezidenti Sadıq Sadıqov mənə nə vaxt get desə, o zaman da gedərəm. Gələn ilin yayınadək burdayam.

 

- Qarşıda komandanızı “Qarabağ”la çətin çempionat oyunu gözləyir. İkinci yer uğrunda mübarizə apardığınızdan sizə 3 xal hava-su kimi lazımdır. Lideri məğlub edə biləcəksinizmi?  

- Bu günki qələbəni unudub, həmin oyuna köklənməliyik. Doğurdan da, “Qarabağ” çox güclüdür və bizim üçün də çətin olacaq.  

 

ELSEVƏR

 

0