[b]Yubileyin iştirakçıları: “Pentakampeonlar”[/b]
30.04.2014 - 12:56
[b]Yubileyin iştirakçıları: “Pentakampeonlar”[/b]

İyunun 12-də başlayacaq futbol üzrə dünya çempionatının startına 43 gün qalıb. Apasport.az saytı Braziliyada baş tutacaq yubiley – XX mundialın iştirakçılarının təqdimatına start verir.

 

 

 

Planetin ən güclüsü olmağa 32 namizədlə tanışlığa meydan sahiblərindən başlayaq. Çünki A qrupunun 1-ci komandası olan Braziliya millisi həm də mundialların ən titullu komandasıdır.

 

 

 

1958, 1962, 1970, 1994 və 2002-ci illərdə dünya kubokunu başı üzərinə qaldırmaqla, “pentakampeon” adını əldə edən cənubi amerikalılar öz meydanlarında ilk çempionluğunu yaşamaq iddiasındadır. Belə ki, indiyədək yalnız 1 dəfə - 1950-ci ildə final mərhələsinə ev sahibliyi edən Pelenin həmvətənləri həlledici qarşılaşmada Uruqvaya uduzmaqla 2-ci olmuşdu.

 

 

 

İkinci cəhddən doğma publika önündə “samba” oynamağa çalışacaq Braziliya millisi üçün qızıl medallardan başqa, istənilən mükafat uğursuzluq sayılır. Bütün mundialların iştirakçısı olan yeganə komanda olan “pentakampeonlar” 1950 və 1998-ci illərdə gümüş, 1938 və 1978-ci illərdə bürünclə kifayətlənib. Ümumilikdə 9 medal qazanan cənubi amerikalılar yubiley uğurunu gözləyir.

 

 

 

4 il əvvəl 1/4 finalda mübarizəni dayandıran Braziliya yığmasını Luis Felipe Skolarinin dönüşü də ümidləndirib. Komandaya son çempionluğu qazandıran təcrübəli mütəxəssis Avropa və Asiyanı gəzdikdən sonra vətəninə qayıdıb. 10 ildən sonra yığmaya dönən çalışdırıcı artıq komandası ilə Konfederasiyalar kubokunu qazanmağa da imkan tapıb.

Braziliya millisinin əsas üstünlüyü doğma divarlar arasında oynamasıdır. Üstəlik Amerika qitəsində keçirilən turnirlərdə həmişə yerli komandalardan birinin qalib gəlməsi ənənəsi də onların xeyrinədir.

 

 

 

Bundan başqa, həmişə olduğu kimi yüksək səviyyəli ifaçıların yer aldığı komandadan uğur gözləməyə dəyər. Komandanın kapitanı Tyaqo Silva, Neymar, Oskar kimi ulduzlar Braziliyanın əsas ümidləridir. Lakin “pentakampeonlar”ın çatışmayan cəhətləri də var. Bu da təcrübədir. Ulduz olmalarına baxmayaraq, əksər sambaçılar ilk dəfə mundialın final mərhələsində oynayacaq. Bu azmış kimi, cənubi amerikalılar bombardir keyfiyyətləri ilə seçilən oyunçuya da malik deyil. Bu üzdən onlar daha çox Fred və Jonun ümidinə qalacaq.

 

 

 

Qapıçı Julio Sezarın isə Avropada aşağı dəstə təmsilçisində oynaması hücumun sivri ucu ilə yanaşı, çərçivədə də hər şeyin qaydasında olmadığını göstərir. Lakin təcrübəli Skolarinin bütün problemlərin öhdəsindən gəlmək üçün yetərincə seçim imkanı var. Hər halda Ramiresin qayıdışı, Dantenin müdafiədə peyda olması, Maksvell, Maykon, Lukas Leyvo, Villian, Bernard, Lukas Moura kimi futbolçuların olması da baş məşqçinin işinə yaraya bilər.

 

 

 

Qeyd edək ki, Braziliya yığması qrup mərhələsi çərçivəsində iyunun 12-də Xorvatiya, 17-də Meksika, 23-də Kamerunla qarşılaşacaq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

0