Məmmədyarovla Rəcəbov reytinq siyahısında gerilədi
01.05.2014 - 11:16
Məmmədyarovla Rəcəbov reytinq siyahısında gerilədi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, may ayı üçün tərtib olunan siyahının ilk “yüzlüy”ündə yenə 4 həmyerlimiz yer alıb.

 

Şahmatçılarımızdan ikisi mövqeyini yaxşılaşdırdığı halda, digər ikisi geriləyib. Belə ki, təmsilçilərimizdən dünya şahmat tacına iddiaçıların turnirində lazımı oyun göstərə bilməyən Şəhriyar Məmmədyarov yenidən ilk “onluğ”u tərk edib. O, bu dəfə 2760 xalla 11-ci yerdədir. Teymur Rəcəbov da geriləyənlər sırasındadır. Həmyerlimiz 1 rəqibini özündən irəli buraxmaqla, 34-cü yerə enib. Onun aktivində 2713 xalı var.

 

Yığmamızın aparıcı üzvlərindən fərqli, Rauf Məmmədovla Eltac Səfərli irəliləyiblər. Onlar müvafiq olaraq, 84-cü (+1) və 89-cu (+2) pillələrə qalxıblar. Məmmədov 2660, Səfərli 2656 reytinq xalına malikdir.

 

Qeyd edək ki, ilk “üçlük”də dəyişiklik olub. Cədvələ 1 gün öncə Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2014” turnirini qalib kimi başa vuran norveçli Maqnus Karlsen (2882) başçılıq edir. Levon Aronyan (Ermənistan, 2815) ikinci pilləni qoruduğu halda, Vişvanatan Anand (Hindistan, 2785) yenidən üçüncü pilləni əldən verib. Onun yerini isə Aleksandr Qrişuk (Rusiya, 2792) tutub.

 

0