Yubiley iştirakçıları: Foqtsun qənimi, millimizin rəqibi
01.05.2014 - 12:09
Yubiley iştirakçıları: Foqtsun qənimi, millimizin rəqibi

İyunun 12-də başlayacaq futbol üzrə dünya çempionatının final mərhələsinin startına 42 gün qalıb. Apasport.az saytı Braziliyada baş tutacaq yubiley – XX mundialın iştirakçılarının təqdimatını davam etdirir.

Bu dəfə final mərhələsinin açılış oyununda meydan sahibləri ilə qarşılaşacaq Xorvatiyanı yaxından tanıyacağıq. “Damalılar” həm də ona görə maraqlıdır ki, sabiq Yuqoslaviya təmsilçisi AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibidir.

Dünya çempionatları tarixində ən yaxşı nəticəsi 1998-ci ildə qeydə alınan Xorvatiya Fransada bürünc medalları qazanmışdı. 16 il əvvəl balkanlılar 1/4 finalda hazırda millimizi çalışdıran Berti Foqtsun rəhbərlik etdiyi Almaniya yığmasını darmadağınla (3:0) mübarizədən kənarlaşdırıb və onun Bundestimdən istefasına səbəb olmuşdu.

2010-cu ildə mundial iştirakçıları sırasında olmayan “damalılar” bu dəfə seçmə mərhələnin startından iddiasını ortaya qoydu. Belçika ilə Xorvatiya arasında qrup birinciliyi üçün gedən mübarizə sonda baş tutan şəxsi oyunda yekunlaşdı. Məğlub olan balkanlılar pley-offda İslandiya ilə görüşdü. Səfərdə qolsuz heç-heçədən sonra evdə Mario Manjukiç və kapitan Dario Srna fərqlənməsi onları Braziliyaya daşıdı.

Niko Kovaçın baş məşqçisi olduğu komandanın ən böyük üstünlüyü oyun intizamıdır. DÇ-1998-də də, qrup mərhələsinin hər 3 oyununda qələbənin qeydə alındığı AVRO-2008-də də məhz bu amil xorvatiyalıları uğura daşımışdı. Millimizin gələcək rəqibi həmişə final mərhələsinə yüksək fiziki durumda yollanır. Kifayət qədər çox sayda sanballı oyunçuların olması, belələri arasında Manjukiç və Luka Modriç kimi ulduzların yer alması da diqqət çəkir. Ən əsası isə artıq komandada mərkəz müdafiəçisi problemi də həllini tapıb və Almaniyanın aşağı dəstələrindən futbolçu axtarmağa ehtiyac olmur.

Xorvatiya yığmasının zəif cəhətləri də diqqət çəkir. Baş məşqçi Niko Kovaç futbolçu kimi əfsanə olsa da, Slaven Biliç qədər təcrübəli deyil. Elə heyətdəki ulduzların da çoxu Ukrayna və Rusiya klublarında çıxış edir. Bu isə onların Avropanın ortabab komandalarında çıxış etmələri deməkdir.

Kovaç nəhayət ki, əsas qapıçı Stipe Pletikoşaya layiqli əvəzləyici tapılmasına sevinə bilər. “Monako”nun qolkiperi Daniel Subaşiç yalnız təcrübədə həmkarına uduzur. Müdafiədə yeri toxunulmaz olan Srna, həmçinin İvan Strinçiç və ya Oqnen Vukoyeviçi əvəz edə biləcək oyunçular da var. Bunlar Daniel Pranyiç, Milan Badelj və Domaqoy Vidadır. Cinah yarımmüdafiəçisi kimi İbo İliçeviç və Niko Krançar da peyda ola bilər. Hücumda isə Mancukiçə Eduardo və ya Yelaviç, lazım gələrsə Mateo kovaçiç də kömək edə bilər.

Qeyd edək ki, Xorvatiya mundialın A qrupunda ilk oyununu iyunun 12-də Braziliyaya qarşı keçirəcək. 6 gün sonra Kamerunla görüşəcək Kovaçın yetirmələri ayın 23-də Meksikanı sınağa çəkəcək.

 

 

0