Yubiley iştirakçıları: Müdafiə olunanlar
02.05.2014 - 12:24
Yubiley iştirakçıları: Müdafiə olunanlar

İyunun 12-də start götürəcək dünya çempionatının final mərhələsinin başlamasına 41 gün qalıb. Braziliyada baş tutacaq yubiley – XX mundialın iştirakçılarını oxucularına təqdim edən apasport.az saytı oxucularına A qrupunda yer alan Meksika ilə yaxından tanış olmaq imkanı verir. Şimali və Mərkəzi Amerika, Karib dənizi hövzəsi (KONKAKAF) zonasında çıxış edən “atsteklər” qrupda Braziliya, Xorvatiya və Kamerunla mübarizə aparacaq.

 

Meksika millisi indiyədək mundiallarda mükafat qazana bilməyiblər. Ən böyük uğuru 2 dəfə yüksəldiyi 1/4 final olan şimali amerikalılar 4 il əvvəl  CAR-da 1/8 finaladək irəliləmişdilər. Migel Erreranın baş məşqçisi olduğu komanda Braziliyaya vəsiqəni çox çətinliklə əldə edib. KONKAKAF zonasında 4-cü olan “atsteklər” pley-offda Okeaniyanın ən yaxşısı yeni Zelandiyanı yenməklə buna nail oldu. Yalnız ümumi hesabda 9:2 yendikləri son duel meksikalılara asan başa gəldi.

 

Şimallıların zəngin mundial təcrübəsi var. 15-ci dəfə planetin ən güclüləri arasında olacaq Meksika yığması Braziliya üçün tarixən münasib olmayan rəqibdir. Bu da qrup mərhələsində faydalı ola bilər. Covanni dos Santos və Çiçaritodan ibarət hücum cütlüyü isə Meksikanın ən güclü xəttidir.

 

Avropa klublarında çıxış edənlərin yox dərəcəsində olması isə komanda üçün mənfi hal sayılır. Okeaniyalılarla pley-off matçlarında yalnız yerli çempionatda çıxış edənlər oynamışdı. Əksər futbolçuların zədəyəmeylli olması, müdafiədəki problemlər Errera üçün başağrısıdır. Köhnəlmiş – 5 müdafiəçili oyun sxeminə üstünlük verilməsi də arxa xətdəki çətinlikləri ört-basdır etmək məqsədi daşıyır. Karlos Velanın yığma ilə problemləri olması, bu üzdən millidə oynamaması da Meksika üçün mənfi məqamlardandır. Baxmayaraq ki, komandada zəngin təcrübəyə malik Rafael Markes, Andres Quardado, Çiçarito kimi ulduzlar var.

 

Şimali amerikalıların 3 bərabər səviyyəli qapıçısı olsa da, Errera daha çox Moyses Munyosa güvənir. Müdafiənin mərkəzində isə uzun illərdir Rafael Markes çıxış edir. Kapitanın yanında Rodrigeslə Valansuella yer alır. Onların hər birini Uqo ayala da əvəz edə bilər. Müdafiənin cinahları isə Quardado ilə Paul Aqilara tapşırılır. Lakin sonuncunu Adrian Aldrete də əvəzləmək iqtidarındadır. Penya ilə Montes dayaq yarımmüdafiəçisi mövqeyində qərarlaşır. Əsasən müdafiəyə meylli olan heyətdə orta sahədə təcrübəli mərkəzdə Zinya da yer ala bilər. Hücum xəttində isə Covannii dos Santos və Çiçaritodan başqa Raul Ximenes də var.

 

Qeyd edək ki, Meksika millisi qrip mərhələsi çərçivəsində iyunun 13-də Kamerun, 17-də Braziliya, 23-də Xorvatiya ilə görüşəcək.

 

0