[b]Yubiley iştirakçıları: Çempionlar[/b]
03.05.2014 - 23:01
[b]Yubiley iştirakçıları: Çempionlar[/b]

İyunun 12-də start götürəcək dünya çempionatının final mərhələsinin başlamasına 39 gün qalıb. Braziliyada baş tutacaq yubiley – XX mundialın iştirakçılarını oxucularına təqdim edən apasport.az saytı B qrupunun komandaları ilə tanışlığa İspaniya ilə start verir.

 

Cənubi Amerikaya titulunu qorumağa yollanacaq qırmızılar ilk mərhələdə Hollandiya, Çili və Avstraliya ilə mübarizə aparacaq.

 

Mundiallarda ən böyük uğurunu 4 il əvvəl qazanan pireneylilər CAR-da dünya kubokunu başı üzərinə qaldırmışdı. Son 6 ildə 2 Avropa, 1 dünya çempionatının qalibi olan İspaniya millisi ardıcıl 4-cü tituluna can atır. Visente del Boskenn yetirmələri Braziliyaya vəsiqəni seçmə mərhələnin sonluğunda əldə edib. 5 komandalı qrupda mübarizə aparan çempion Fransanı Pedro Rodrigesin qolu ilə məğlub etməklə buna nail oldu. Əks halda isə onları pley-off gözləyə bilərdi.

 

Son illərin çempionunun güclü tərəflərinin sayı hesabı yoxdur. Komanda ulduzlardan təşkil olunub. Onların hamısı nəhəng klubların şərəfini qoruyur. Komandaya qalib məşqçi başçılıq edir. İlk baxışdan çempionun çatışmayan cəhəti yoxdur.

 

Lakin 2010-cu ildə planetin, 2 il sonra qitənin ən güclüsü adını qazandıran taktika köhnəlməyə başlayıb. Üstəlik, rəqiblə də buna qarşı oynamağın yollarını tapıblar. Boğucu total futbolu təsiri bağışlayan bu taktikanın son Konfederasiyalar kubokundakı fiaskosu del Boskeni də düşünməyə vadar edir. Ötən il Braziliyadakı finalda meydan sahibləri dünya çempionunu darmadağın etmişdi. Müdafiənin mərkəzində rəqabətin olmaması da problem sayıla bilər. Çempionun daha bir zəif nöqtəsi hücumdur. Son illər bəzən nominal hücumçusuz da oynayan komandada qolların çoxunu yarımmüdafiəçilər vurur. Məhz bu problemin həlli üçün Dieqo Kostanın milliləşdirilməsi zərurətə çevrilmişdi.

 

İspaniya millisində demək olar ki, bütün oyunçular ulduzdur. Komandanın kapitanı İker Kasilyas başda olmaqla, çempionların arasında sıradan futbolçu yoxdur.

 

Pireneylilərin heyəti son illər üçün dəyişməz qalıb. Belə oturuşmuş heyətə malik olması da onların gücünə güc qatır. Müdafiədə Xordi Alba, Serxio Ramos, Jerar Pike, Alvaro Arbeloa dördlüyü, orta sahədə isə Xavi Ernandes, Serxio Buskets və Andres İnyesta triosu dəyişməz təsiri bağışlayır. Yeganə sual mərkəz hücumçusu ilə bağlıdır. David Silva və Pedro Rodrigesin cinahlardan dəstək verəcəyi qol silahı kim olacaq? Milliləşən Dieqo Kosta bu yerə əsas namizəd olsa da, David Vilya, Fernando Torres və hətta Neqredonu da hesabdan silmək olmaz. Müdafiə xəttində də Karvaxalın Arbeloanı əvəzləməsi istisna deyil. Santi Kasorla, Xuan Mata və Sesk Fabreqas isə hücuma dəstək verən yarımmüdafiəçilər kimi heyətdə peyda ola bilər. Mərkəzdə “Barselona” üçlüyündən kiminsə Xabi Alonso və ya Xavi Martineslə əvəzlənməsi inandırıcı görünməsə də, mümkünsüz də deyil.

 

Qeyd edək ki, İspaniya yığması ilk oyununu iyunun 13-də Hollandiyaya qaşı keçirəcək. Ayın 18-də Çili, 23-də isə Avstraliya çempionun qarşısına çıxacaq.

 

0