[b]Yubiley iştirakçıları: Müdafiəsiz futbol[/b]
06.05.2014 - 15:56
[b]Yubiley iştirakçıları: Müdafiəsiz futbol[/b]

İyunun 12-də start götürəcək dünya çempionatının final mərhələsinin başlamasına 37 gün qalıb. Apasport.az saytı Braziliyada baş tutacaq yubiley – XX mundialın iştirakçılarının təqdimatını davam etdirir.

 

B qrupunda Cənubi Amerikanın nüfuzunu qorumaq Çili yığmasının üzərinə düşüb. İvan Samoranonun həmyerliləri İspaniya, Hollandiya və Avstraliya ilə eyni qrupda mübarizə aparacaq.

 

Çili millisi final mərhələlərində təsadüfi qonaq sayılmır. Kifayət qədər mundial təcrübəsi olan cənubi amerikalılar ən böyük uğurunu 1962-ci ildə qazanıb. Həmin vaxt yarışa ev sahibliyi edən çilililər 3-cü olmağı bacarmışdılar. 4 il əvvəl CAR-da isə onların nəticəsi 1/8 finala yüksəlmək olmuşdu.

 

Xorxe Sampaolinin baş məşqçisi olduğu yığma Braziliyaya vəsiqəni Cənubi Amerika zonası üzrə seçmə mərhələnin üçüncüsü olmaqla qazanıb. Meydan sahiblərindən başqa bütün zona təmsilçilərinin qatıldığı yarışda Çili yalnız Argentina və Kolumbiyadan geri qalıb. “Qırmızılar” 1-ci yerdən 4, 2-ci pillədən 2 xal geri qalıb.

 

Çili millisinin əsas üstünlüyü liderlərinin yaxşı formada olmasıdır. Artuo Vidal və Aleksis Sançes aparıcı klublarda sıradan oyunçu olmamaları ilə yığmaya da böyük fayda verir. Seçmə mərhələdə 29 qol vuran “qırmızılar” yalnız Lionel Messili Argentinadan geri qalıb.

 

Sampaolini narahat edən isə müdafiə xəttinin bərbad olmasıdır. Məhsuldar olduğu qədər də çox qol buraxması baş məşqçinin başağrısıdır. Seçmə mərhələdə çilililər 25 top buraxıb. Bu da onu göstərir ki, cənubi amerikalılar azarkeşlərin zövqünü oxşayan açıq futbola üstünlük verir. Lakin belə oyunla ciddi uğur qazanmaq da çətindir. Müdafiənin axsaması isə səviyyəli ifaçıların yoxluğu ilə izah edilir.

 

Baş məşqçinin sərəncamında olan ulduzlar isə “Barselona”da çıxış edən Sançes və “Yuventus”da özünü yaxşı tərəfdən göstərən Vidalla kifayətlənmir. David Pissaro da “Fiorentina”da uğurla çıxış edir.

 

“Real Sosyedad”ın qapıçısı Klaudio Bravo yığmasının nəinki 1 nömrəsi, həm də kapitanıdır. Oyunçu çatışmazlığından dayaq yarımmüdafiəçisi Medel millidə mərkəz müdafiəçisi kimi oynamaq məcburiyyətindədir. Cinahlardan ona Mena və Markos Qonzales yardım edir. Arxa xətdə Xara da peyda ola bilər. Yarımmüdafiənin cinahları Felipe Qutyerres və Maurisio İsla tərəfindən xeyli vaxtdır “özəlləşdirilib”. Komandanın beyni isə Pissarodur. Vidalla Karlos Karmona da meydanın mərkəzində mübarizə aparır. Lazım gələrsə, sonuncunu hücuma daha çox meylli olan Valdiviya və ya Matias Fernandes də əvəz edə bilər. Çilililərin hücum xətti isə Varqas və Sançes cütlüyündən ibarətdir. Lakin daim axtarışda olan Sampaolinin optimal heyəti tam qura bilməməsi üzündən mundialda fərqli heyət görmək imkanı da yaradır.

 

Qeyd edək ki, Çili yığması mundiala iyunun 13-də Avstraliya ilə matçla başlayacaq. Ayın 18-də İspaniya, 5 gün sonra Hollandiya ilə keçiriləcək matçlar isə Sampaolinin yetirmələrinin 1/8 final arzularına aydınlıq gətirəcək.

 

0