[b]Yubiley iştirakçıları: Praqmatik futbolun tərəfdarları[/b]
08.05.2014 - 23:00
[b]Yubiley iştirakçıları: Praqmatik futbolun tərəfdarları[/b]

İyunun 12-də start götürəcək dünya çempionatının final mərhələsinin başlamasına 34 gün qalıb. Braziliyada baş tutacaq yubiley – XX mundialın iştirakçılarını oxucularına təqdim edən apasport.az saytı C qrupu ilə tanışlığı davam etdirir. Bu dəfə Yunanıstan millisini yaxından tanıyaq. Ellada təmsilçisi qrup mərhələsində Kolumbiya, Fil Dişi Sahili və Yaponiya ilə mübarizə aparacaq.

 

Yunanıstan millisi dünya çempionatlarında öyünə biləcəyi nəticəyə imza atmayıb. Ən yaxşı nəticəsi final mərhələsinə yüksəlmək olan komanda qrupdan çıxa bilməyib. 1994 və 2010-cu illərdə bu aqibəti yaşayan yunanlar 3-cü cəhddən uğur qazanmağa ümidlidir. Son mundialda 3 xal toplayan Ellada təmsilçisi qrupda 3-cü yerlə kifayətlənmişdi.

 

Portuqaliyalı baş məşqçi Fernandu Santuşun yetirmələri seçmə mərhələni gözlənilməz çətinliklə üzləşdi. Belə ki, qrup birincisi olmaqla mundiala birbaşa vəsiqəni Bosniya və Herseqovina qazandı. Özü də ellinlər rəqibi ilə eyni xal toplasa da, əlavə göstəricilərdə 2-ci oldu. Pley-offda isə Rumıniya üzərində qələbə əldə edildi – 3:1, 1:1.

 

Yunanlar həmişə müdafiəyə meylli maksimal praqmatik futbolla ad çıxarıb. 2004-cü ildə Avropa çempionu titulunu da bu üslubla qazanan “Piratiko” yenə müdafiə futbolu ilə diqqət çəkir. Seçmə mərhələdə 4 qol buraxan komanda Avropada yalnız İspaniyadan geri qalır. İki matç az keçirən sonuncular 3 qol buraxıb.

 

Müdafiədə güclü və sabit çıxış edən Santuşun komandası hücumda bərbad oynayır. 10 seçmə oyununda 12 qolun vurulması mundiala vəsiqə qazanan komandaya layiq məhsuldarlıq deyil. Üstəlik, yunanlardan heç biri Avropa nəhənglərində çıxış etmir. Təcrübəli, yaxşı futbolçular olsa belə böyük klublarda oyun təcrübəsi yoxdur.

 

Komandanın kapitanı Konstantinos Katsuranis də, Kostan Mitroqlu da yerli klublarda çıxış edir. Kiryakos Papadopulosun “Şalke”, Georgios Samarasın “Seltik”də oynaması da böyük nailiyyət sayılmır. Əfsanəvi Nikopolidisin gedişindən sonra yığmanın 1 nömrəsi olmağı bacaran Karnezisin əvəzləyicisi isə Sifakisdir. Torosidis və Holebas müdafiənin cinahlarını özəlləşdirib. Mərkəzdə isə böyük istedada malik Papadopulos və Papastopulos qərarlaşır. Onları Siovas da əvəz edə bilər. Meydanın ortası isə Katsuranis, Siolis və Maniatisdən ibarət “üçlüy”ə həvalə olunur. Santuş hətta Taxtsinidis və Karaqunisi də ehtiyatda saxlayır. Hücum xəttində isə yenilik olmayacaq. Cinahlarda Salpingidis və Samaras, mərkəzdə sə Mitroqlu rəqib qapısına yol tapmağa çalışacaq.

 

Qeyd edək ki, Yunanıstan yığması Braziliyada ilk oyununu iyunun 14-də Kolumbiya millisinə qarşı keçirəcək. Onların qrup mərhələsindəki taleyinə ayın 19-da Yaponiya, 24-də Fil Dişi Sahili ilə matçlardan sonra aydınlıq gəlib.

 

 

0