Yubiley iştirakçıları: Tikos
13.05.2014 - 11:35
Yubiley iştirakçıları: Tikos

Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsinin başlamasına 30 gün qalıb. Apasport.az saytı Braziliyanın yaşıl meydanlarında baş tutacaq yubiley – XX mundialın iştirakçılarının təqdimatını “Ölüm qrupu” ilə davam etdirir. D qrupunda yer alan Kosta-Rika millisi İngiltərə, İtaliya və Uruqvay ilə mübarizə aparacaq.

 

Mərkəzi Amerika ölkəsinin yığması hər hansı uğuru ilə sevinə bilməz. Kosta-rikalıların ən böyük nailiyyəti 1990-cı ildə əldə olunub. Həmin vaxt “Tikos” mundialın 1/8 finalına yüksəlmişdi. Son dünya çempionatında isə Kots-Rika iştirak etməmişdi.

 

Baş məşqçi Xorxe Luis Pintonun yetirmələri Braziliyaya vəsiqəni gözlənilmədən asanlıqla qazandı. KONKAKAF zonası üzrə seçmə mərhələdə 2-ci olan Kosta-Rika millisi yalnız ABŞ-dan geri qaldı. Lakin “qırmızılar” həm ABŞ (3:1), həm də Meksika (2:1) üzərində qələbə qazanmağa da nail oldu.

 

“Tikos” dünya futbolunun ən böyük tapmacalarından biri sayılır. Həddən artıq sıradan bir heyətə malik olsa da, kosta-rikalılar heç vaxt “qapazaltı” təsiri bağışlamır. Seçmə mərhələ də elə bunu göstərdi. Çoxları üçün onların nəyin hesabına nəticə qazanması düşündürür. Böyük ehtimalla bunun səbəbi kimi rəqiblərin kosta-rikalılara yuxarıdan aşağı baxmasıdır.

 

Mərkəzi amerikalıların heyətinin çox zəif olduğunu söyləmək olar. Avropanın aparıcı klublarında futbolçusu olmayan yığmanın düz-əməlli ulduzu da yoxdur. Pintonun yetirmələri açıq futbola üstünlük verən komandadır. Bu isə istənilən komandanın özü üçün də təhlükəlidir. Xüsusilə də güclü müdafiəsi olmayan komandalar üçün.

 

Kosta-Rika millisinin kapitanı və ən böyük ulduzu “Fulhem”də çıxış edən Brayan Ruisdir. “Olimpiakos”un futbolçusu Hoel Kempbell, “Levante”li Keylor Navas və “Everton”un üzvü Brayan Ovyedo da yığmasının tanınmış simalarıdır.

 

“Tikos”un əsas qapıçısı Navas hesab olunur. Müdafiənin mərkəzində isə adətən Qonsales və Duartdan ibarət cütlük yer alır. Cinahlar isə Ovyedo ilə Qamboaya həvalə edilir. Kosta-rikalıların dayaq yarımmüdafiəçisi Texeradır. Kalvo, Ruis və Kempbell isə yarımmüdafiə xəttini təşkil edir. İki hücumçu ilə oynamağa üstünlük verən mərkəzi amerikalıların əsas qol silahları Borxes və Saboriodur.

 

Qeyd edək ki, Kosta-Rika yığması iyunun 14-də Uruqvay, 19-da İtaliya, 24-də İngiltərə ilə qarşılaşacaq.

0