Yubiley iştirakçıları: Futbolun yaradıcıları
14.05.2014 - 13:26
Yubiley iştirakçıları: Futbolun yaradıcıları

İyunun 12-də start götürəcək dünya çempionatının final mərhələsinin başlamasına 29 gün qalıb. Apasport.az saytı Braziliyanın yaşıl meydanlarında baş tutacaq yubiley – XX mundialın iştirakçılarının təqdimatını İngiltərə yığması ilə davam etdirir. “Ölüm qrupu” sayılan D qrupunda yer alan futbolun yaradıcıları Kosta-Rika, İtaliya və Uruqvayla mübarizə aparacaq.

 

Futbolun yaradıcılarının ən böyük uğuru 1966-cı ilə təsadüf edir. 48 il əvvəl İngiltərə yığması öz meydanında çempion titulunu qazanmışdı. Həmin zəfərdə Azərbaycan təmsilçisi məşhur hakimimiz Tofiq Bəhramovun da əməyi olub. O, laysmanı olduğu görüşdə ingilislərin finalda AFR millisinin qapısına vurduğu mübahisəli qolun qeydə alınması ilə bağlı qərar vermişdi.

 

Həmin uğurunu bir daha təkrarlaya bilməyən britaniyalılar 4 il əvvəl CAR-da keçirilən yarışda 1/8 finalda dayanmışdı. Almaniya ilə oyunda qeydə alınan 1:4 hesablı məğlubiyyət İngiltərənin son illərdəki ən böyük uğursuzluğudur. Roy Hocsonun baş məşqçisi olduğu komanda mundiala gözlənildiyi kimi asan çıxmayıb. Onlar aşkar favoriti olduğu qrupda etdiyi heç-heçələrlə qrup qalibi ilə bağlı sualı uzun müddət qeyri-müəyyənlikdə saxladı. Yalnız mərhələnin sonunda Çernoqoriya (4:1) və Polşa (2:0) üzərində qələbələrlə Braziliyaya vəsiqəni əldə edən ingilislər Ukraynanı pley-offa yolladı.

 

Hocson lazım olan anda nəticə qazanmağı bacaran komanda yaratdığını seçmə mərhələdə sübut edib. Bu üzdən britaniyalıları məğlub etmək rəqibləri üçün asan olmayacaq. Düzdür, komandada kadr çatışmazlığı da hiss olunur.

 

Bekhem, Ouen, Cerrard, Lempard, Ferdinand səviyyəli gənclərin yox dərəcəsində olması Hocson üçün problemli mövzudur. Spn vaxtlar əsas qapıçı Co Hart da etibarlı oyun göstərə bilmir. Hərçənd bir müddət əvvələdək qolkiper yığmasının əsas ulduzlarından sayılırdı. Müdafiənin mərkəzinə də o qədər bel bağlamaq olmur. Çünki avantürist Kehill və beynəlxalq oyunlar təcrübəsi az olan Yaqielkanı ideal cütlük saymaq mümkün deyil. Bəlkə də Terri bu problemi həll edə bilərdi. Lakin təcrübəli oyunçu mundialdan kənarda qalacaq.

 

Futbolun yaradıcılarının Braziliyaya göndərəcəyi əsas ulduzlar isə Ueyn Runi ilə Stiven Cerrard sayılır. Son mövsümü hər iki oyunçu üçün uğursuz saymaq olar. Runinin “Mançester Yunayted”i fiaskoya uğradısa, Cerrardlı “Liverpul” çempionluğu mövsümün sonunda əldən verdi.

 

Qeyd etdiyimiz kimi İngiltərə yığması qapıda Hart, müdafiənin mərkəzində Kehillə Yaqielkaya güvənir. Lakin Hocsonun alternativ variantı da var. Bu da fil Consla Kris Smollinq cütlüyüdür. Hartın əvəzləyiciləri Ben Foster isə çətin ki, bunu bacarsın. Müdafiənin solunu Leyton Beynsə həvalə edən mütəxəssis sağda Qlen Consona güvənir.

 

Orta sahədə isə ümidlər Cek Uilşerlə Stiven Cerrardadır. Bu mövqedə Hocsonun geniş seçim imkanı var. Frenk Lempard, Ross Barkli, Cordan Kleversondan başqa, “23-lüy”ə düşməyən, amma ehtiyat oyunçu kimi qeyd olunan Mayk Karriklə Tom Kleverli də orta sahəni gücləndirə bilər. Cinah yarımmüdafiəçiləri isə o qədər də çox deyil. Uolkott Yanq, Taunsend, Lennon Braziliyaya aparılmır. Əvəzində cinahlar Aleks Oksleyd-Çemberlen və Ceyms Milnerə tapşırıla bilər. Adam Lallana və Rahim Sterlinq isə hələ bunun üçün çox gəncdir. Hücum xəttində isə Daniel Uelbek, Ueyn Runi və Daniel Starric yer alır. Bu “üçlüy”ə Riki Lamberti də əlavə etməm olar.

 

Qeyd edək ki, İngiltərə yığması iyunun 14-də İtaliya, 19-da Uruqvay, 24-də Kosta-Rika ilə qarşılaşacaq.

0