Yubiley iştirakçıları: Üçüncü cəhd
19.05.2014 - 12:17
Yubiley iştirakçıları: Üçüncü cəhd

İyunun 12-də start götürəcək dünya çempionatının final mərhələsinin başlamasına 24 gün qalıb. Yubiley – XX mundialın iştirakçılarını təqdim edən apasport.az saytı oxucularını E qrupunda mübarizə aparacaq Ekvador millisi ilə tanış edir. Braziliyadakı mundialda ekvadorlular Honduras, Fransa və İsveçrə ilə mübarizə aparacaq.

 

Cənubi Amerika təmsilçisinin tarixində ciddi uğur olmayıb. Bu üzdən 8 il əvvəl mundialın 1/8 finalına vəsiqə ekvadorlular üçün müvəffəqiyyət sayılır. Həmin vaxt qrup mərhələsini adlayan “üçrənglilər” 4 il əvvəl CAR-dakı yarışa vəsiqə qazanmamışdı.

 

Tarixində 3-cü dəfə final mərhələsinə yüksələn Reynaldo Ruedanın baş məşqçisi olduğu komanda Cənubi Amerikanın seçmə zonasında 4-cü yer uğrunda Uruqvayla mübarizə aparıb. Rəqibi ilə eyni xal toplayan ekvadorlular daha yaxşı əlavə göstəricilərə görə Braziliyaya birbaşa vəsiqəni qazana bildi.

 

Ulduzları, nəticələri ilə öyünə bilməyən “üçrənglilər”in güclü tərəfi kimi müdafiə xəttini göstərmək olar. Hər halda ekvadorlular seçmə mərhələdə yaxşı müdafiəçilərə malik Uruqvaydan xeyli az qol buraxmışdı. Az-çox tanınan futbolçuları Delqado, De la Kruz, Tenorio və Urtado kimi oyunçuların yığma karyerasını bitirməsindən sonra Ruedanın sərəncamında ulduz qalmayıb. İndi komandanın ən tanınan simaları Antonio Valensiya, Felipe Kaysedo və Kristian Noboadır.

 

Yığmanın özəyini Ekvador çempionatında çıxış edən oyunçular təşkil edir. Qapıda Banqeranın yeri toxunulmaz sayılır. Nome ilə Dominqes isə qolkiperin əsas əvəzləyiciləridir. Müdafiənin mərkəzinə Eraso və Quaqua cavabdehdir. Paredeslə Uolter Ayovi isə cinahları qorumalıdır.

 

Dayaq yarımmüdafiəçiləri Kastilyo ilə Noboa da daha çox müdafiəyə meyllidir. Yarımmüdafiənin sağında “Mançester Yunayted”də çıxış edən Valensiya, solunda isə Montero qərarlaşır. Cənubi amerikalıların qol ümidi isə İbarra ilə Kaysedodur. Lakin Hayme Ayovi də meydanda peyda ola bilər.

 

Qeyd edək ki, Ekvador yığması iyunun 15-də İsveçrə, 20-də Honduras, 25-də Fransa ilə qarşılaşacaq.

0