Yubiley iştirakçıları: Messinin komandası
20.05.2014 - 11:02
Yubiley iştirakçıları: Messinin komandası

İyunun 12-də start götürəcək dünya çempionatının final mərhələsinin başlamasına 23 gün qalıb. Yubiley – XX mundialın iştirakçılarını təqdim edən apasport.az saytı oxucularını yarışın əsas favoritlərindən biri ilə tanış edir.

 

F qrupunda mübarizə aparan Argentina yığması Cənubi Amerikadakı mundialda 3-cü çempionluğunu qazanmağa çalışacaq. Lionel Messi və komanda yoldaşları mübarizəyə Bosniya və Herseqovina, İran və Nigeriyanın da yer aldığı F qrupunda başlayacaq.

 

1978-ci ildə Argentinada, 1986-cı ildə Meksikada planetin ən güclüsü olan “Albiselesta” Braziliyaya 3-cü titul üçün gedir. 1930 və 1990-cı illərdə finalda uduzan cənubi amerikalılar doğma qitədə zəfər çalmaq iddiasındadır. Ötən mundialın 1/4 finalında Almaniyanın darmadağın etdiyi Messinin komandası əvvəlki səhvlərdən nəticə çıxartdığını sübut etməlidir.

 

Alexandro Sabelyanın baş məşqçisi olan “zolaqlılar” Braziliyaya vəsiqə qazanmaqda çətinlik çəkməyib. 16 oyunda 32 xal toplayan argentinalılar Cənubi Amerika zonası üzrə seçmə mərhələni 1-ci pillədə başa vurub.

 

Argentina millisi dünyanın ən güclü hücum xətlərindən birinə malikdir. Messi, İquayn, Aquero, Di Mariya kimi ulduzlara malik komandaya istənilən rəqib həsəd apara bilər. Bundan başqa, son yoxlama matçlarının nəticələri də yığma azarkeşlərini ümidləndirib.

 

Amma Messi nə qədər böyük futbolçu olsa da, son vaxtlar eniş dövrünü yaşayır. Bu da Argentina millisinin gücünü şübhə altına salır. Bu azmış kimi komandada başqa çatışmazlıqlar da var. Xüsusilə də qapıçı problemi Sabelyanı narahat edir. Əsas qapıçı Serxio Romero ulduz sayılmır. Həm də “Monako”ya keçəndən sonra əsas heyətə düşməklə bağlı çətinlik yaşayır. Onun əvəzləyicisi Adunxar isə “Kataniya” ilə İtaliyanın a seriyasını tərk edib. Müdafiə xətti də nikbinliyə əsas vermir. Sabaleta və Qaray kimi arxa xətt oyunçularının yer aldığı müdafiəyə ulduz çatışmır. Bu isə o deməkdir ki, hücumla digər xətlərin eyni səviyyədə olmaması əbədi problem kimi qalır.

 

Oyun praktikası olmayan Romero yığmanın 1 nömrəsi kimi yerini qoruyur. Müdafiənin mərkəzində Qarayla yanaşı Federiko Fernandes oynayır. Sağda Sabaleta, solda isə Roxo arxa xətti qoruyur. Lakin Basanta və Otamendi də meydana çıxa bilər. Argentinanın daha bir ulduzu Maskerano isə dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir. Onun yanında adətən Baneqa yer alır. Lakin Qaqo və ya Bilya da burada çıxış etməyə namizəddir. Hücumda isə Aquero ilə İquaynın mərkəzdə yer alacağı, Messi ilə Di Mariyanın cinahlardan onlara dsətək verəcəyi inandırıcıdır. Lakin ön xətdə oynaya biləcək Rodriges, Lavessi, Alvares, Sosa kimi oyunçular da var.

 

Qeyd edək ki, argentinalılar iyunun 15-də Bosniya və Hersoqovina, 21-də İran, 25-də Nigeriya ilə qarşılaşacaq.

0