Yubiley iştirakçıları: Ronaldo və komandası
24.05.2014 - 23:00
Yubiley iştirakçıları: Ronaldo və komandası

Dünya çempionatının final mərhələsinin başlamasına 18 gün qalıb. Yubiley – XX mundialın iştirakçılarını təqdim edən apasport.az saytı oxucularını G qrupunda mübarizə aparacaq Portuqaliya millisi ilə tanış edir. Planetin ən yaxşı futbolçusu Kriştianu Ronaldonun komandası “top sehrbazları”nın məkanında Almaniya, Qana və ABŞ-la eyni qrupda mübarizə aparacaq.

 

Portuqaliya millisinin mundiallardakı ən böyük uğuru uzaq 1966-cı ildə olub. Həmin vaxt pireneylilər 3-cü yer uğrunda qarşılaşmada Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin də yer aldığı SSRİ yığmasını məğlub etmişdi. Eysebio ilə qazanılan bürüncün nostaljisini yaşayan portuqaliyalılar 4 il əvvəl CAR-da 1/8 finalda dayanmışdı.

Paulu Bentunun yetirmələri Braziliyaya vəsiqəni çətinliklə qazanıb. Seçmə mərhələdə Azərbaycan millisi ilə eyni qrupda çıxış edən pireneylilər uğursuz çıxış etmişdi. Bir neçə yersiz xal itkisi və Rusiyaya məğlubiyyət Ronaldonun komandasını qrup 2-ciliyi ilə barışdırmışdı. Pley-offda Zlatan İbrahimoviçli İsveç millisi ilə üz-üzə gələn Portuqaliyanı mundiala Kriştianunun 4 qolu çıxardı – 1:0, 3:2.

Bentunun komandasının ən böyük üstünlüyü Ronaldodur. Lakin son illərdəki sabitlik də qeyd olunmalıdır. Seçmə mərhələləri keçməyi adət halı alan komanda böyük turnirlərdə uğur qazanmasa da, fiasko yaşamır.

2 il əvvəlki Avropa çempionatı ilə müqayisədə ciddi dəyişikliyə uğramayan yığmada oturuşmuş heyət və təcrübə olsa da, çatışmazlıq da diqqət çəkir. Belə ki, millinin bir çox aparıcı üzvləri ən yaxşı vaxtlarında göstərdiyi oyunu nümayiş etdirmir. Kadr problemi də Bentunun başağrısıdır. Nunu Qomeş və Pauletadan sonra mərkəz hücumçusu tapmayan komandada son müdafiəçi kimi föbqəl bir şeylə seçilməyən Bruno Alveşlə Luiş Netu çıxış edir. Əslində Bentunun özü də məşqçi kimi böyük ad sayılmır.

Portuqaliyanın ən böyük ulduzları “Real”da bir araya gəlib. Ronaldo, Koentrao və Pepe İspaniya klubunu uğurlara daşıyır. “Monako”lu Joze Moutinyinu da qeyd etmək lazımdır.

Son illərin dəyişməz yığmasında Rui Patrisio əsas qapıçıdır. Müdafiənin mərkəzində Pepenin yeri toxunulmaz sayılır. Onun yanında Bruno Alveş, Luiş Netu və ya Rikardo Koşta qərarlaşır. Solda Koentrao, sağda isə Joao Pereyra müdafiənin qorumalıdır. Dayaq yarımmüdafiəçisi Velozonun önündə Meyreleşlə Moutinyo yer alır. Orta sahədə gənclər Amorim və Ruben Miakel də çıxış edə bilər.

 

Hücumda isə vəziyyət ürəkaçan deyil. Solda Ronaldonun hegemonluğu bəllidrisə, sağda oynamalı olan Nani əvvəlkindən aşağı səviyyədə çıxış edir. Onu Vierinya və ya Varela də əvəzləyə bilər. Mərkəzdə isə adətən Elder Poştuqa yer alır. Amma Eder, Olıiveyra və Almeydanın da mərkəzdə yer alması istisna deyil.

 

Qeyd edək ki, Portuqaliya mundialda ilk oyununu oyunun 16-da Almaniyaya qarşı keçirəcək. Pireneylilər ayın 22-də ABŞ, 26-da Qana ilə görüşəcək.

0