Yubiley iştirakçıları: Berti Foqtsun “yankilər”i
26.05.2014 - 12:11
Yubiley iştirakçıları: Berti Foqtsun “yankilər”i

Dünya çempionatının final mərhələsinin başlamasına 17 gün qalıb. Yubiley – XX mundialın iştirakçılarını təqdim edən apasport.az saytı oxucularını G qrupunda mübarizə aparacaq ABŞ millisi ilə tanış edir. Mayın 28-də Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək şimali amerikalılar qrup mərhələsində Almaniya, Portuqaliya və Qana ilə mübarizə aparacaq.

 

ABŞ yığması favoritlərindən sayılmadığı mundiala Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsla birlikdə yollanacaq. Təcrübəli mütəxəssis sabiq yetirməsi Yurgen Klinsmanna müşavir kimi kömək etməlidir. Dünya çempionatlarında 84 ildir uğura həsrət olan amerikalılar alman cütlüyü ilə sensasiyaya ümid edir. ABŞ cəmi 13 komandanın qatıldığı, avropalıların boykot etdiyi 1930-cu ilin mundialında 3-cü olmuşdu.

 

4 il əvvəl CAR-da isə amerikalılar 1/8 finalda mübarizəni dayandırmışdı. Klinsmannın yetirmələri son çempionatların ənənəsinə sadiq qalıb seçmə mərhələni 1-ci yerdə başa  vurdu. 10 matçda 22 xal toplayan “yankilər” Şimali Amerikada hamıdan güclü olduğunu təsdiqlədi.

 

ABŞ yığmasının üstünlüklərindən biri böyük təzyiqin olmamasıdır. Ölkədə futbol heç də aparıcı idman növlərindən olmadığından komandadan nailiyyət də tələb edilmir. Elə bu rahatlıq da Klinsmannın yetirmələrinin işinə yaraya bilər. Baş məşqçinin 2006-cı ildə Almaniya millisi ilə bürünc qazanması isə amerikalıların bacarıqlı mütəxəssisə həvalə olunmasını göstərir.

 

 

Lakin normal heyətə malik “yankilər”in ulduzu yoxdur. Müdafiəçilərin çoxu Meksikada və MLS-də çıxış edir. Millinin aparıcı üzvləri klublarında da heyətə düşməkdə çətinlik çəkir. Komandanın kapitanı Lendon Donovanın mundiala aparılmaması da ciddi problem yarada bilər. Onun yoxluğunda komandanın əsas ulduzları Tim Hovard və Klint Dempsidir.

 

Klinsmannın qapıda güvənəcəyi sima Hovarddır. “Everton”un qolkiperi çətin ki, yerini kiməsə versin. Müdafiənin mərkəzində Bruksla Qonsales yer alır. Cinahlar isə Bisli ilə Kemerona həvalə olunur. Lakin Almaniya klublarında çıxış edən Çendlerlə Consonun meydana çıxması da istisna deyil.

 

Dayaq yarımmüdafiəçiləri Bredli ilə Consun da yeri toxunulmaz sayılır. Cinaglarda isə Yuhansson və Denpsi qərarlaşır. Onlar daha çox vingier funksiyasını yerinə yetirir. Hücumda isə ümidlər Altodoradır. Lakin onun arxasında oynayacAq futbolçu ilə bağlı nəsə söyləmək çətindir. Daim Donovanın oyandığı mövqedə onun yoxluğunu kimin unutduracağı sual olaraq qalır.

 

Qeyd edək ki, ABŞ mundialda ilk oyununu oyunun 16-da Qanaya qarşı keçirəcək. Amerikalılar ayın 22-də Portuqaliya, 26-da Almaniya ilə görüşəcək.

0