Yubiley iştirakçıları: Pelenin oğulları
27.05.2014 - 12:30
Yubiley iştirakçıları: Pelenin oğulları

Dünya çempionatının final mərhələsinin başlamasına 16 gün qalıb. Yubiley – XX mundialın iştirakçılarını təqdim edən apasport.az saytı oxucularını G qrupunda mübarizə aparacaq Qana millisi ilə tanış edir. Afrika təmsilçisi qrup mərhələsində Almaniya, Portuqaliya və ABŞ-LA mübarizə aparacaq.

 

Qanalılar dünya çempionatlarında ən böyük uğurunu 4 il əvvəl əldə edib. “Qara ulduz”lar CAR-da keçirilən yarışda 1/4 finaladək irəliləmişdi. Dünyanın ən güclü 8 komandası sırasına yüksələn afrikalılar yenidən həmin nəticəni təkrarlamağa çalışacaq.

 

Baş məşqçi Ceyms Kvezi Appianın yetirmələri seçmə mərhələni asanlıqla adlayıb. Öz qrupundakı 6 görüşdə 5 qələbə qazanan komanda hər oyuna orta hesabla 3 qol vurmuşdu. Misirlə pley-offun ilk görüşündə isə Afrika çempionu darmadağın edildi – 6:1. Cavab oyunundakı məğlubiyyət isə (1:2) heç bir əhəmiyyət daşımırdı.

 

Çoxları Qananı “Qara qitə”nin ən güclü komandası hesab edir. 2013-cü ildə qitənin 4-cüsü olan “Qara ulduzlar” 2010-cu ilin mundialında da “dördlüy”ə yüksələ bilərdi. Həmin vaxt Luis Suaresin qəhrəmanlığı Uruqvayla 1/4 finalın taleyini həll etdi. Hücum və yarımmüdafiədəki əla oyunçu seçiminin olması Qana yığmasının yaxşı nəticələr qazanmasının əsas səbəblərindəndir.

 

Əksər Afrika yığmalarının “xəstəliy”i Appianın komandasından da yan keçməyib. Müdafiə xəttinin bərbadlığı, Avropada oynayan ulduzlarla yerli oyunçular arasında balansın yoxluğu Qana üçün əsas problemdir. Asamoa Qyan kimi veteranlar isə artıq karyeralarının qürub çağlarını yaşayır.

 

Lakin Qyan Afrika təmsilçisinin yeganə ulduzu deyil. Ondan başqa Appianın sərəncamında Kvadbo Asamoa, Andre Ayyu, Kevin-Prins Boatenq kimi tanınmış simalar da var.

 

Veteran Kinqstonu heyətdən sıxışdıran Dauda artıq komandasının əsas qapıçısı sayılır. Yaşlı qolkiper isə heç Braziliyaya aparılacaq heyətə də düşməyib. Müdafiənin mərkəzinə Boye ilə Akaminko cavabdehdir. Afful sol, Opare isə sağ cinahdan arxa xətti qorumalıdır. Avropada çıxış edən İnkum, Mensa, Şlumm isə onların əvəzləyiciləridir.

 

Dayaq yarımmüdafiəçisi mövqeyində məşhur Essyen qərarlaşır. Digər ulduzlar untari ilə Asamoa da orta sahədə yaradıcı oyun göstərir. Mərkəz hücumçusu kimi Qyan çıxış edir. Ona cinahlardan Andre Ayyu ilə Boatenq dəstək verir. Atsu, Vakasso, Andrenin qardaşı Cordan Ayyu isə hücumu gücləndirə biləcək futbolçulardır. “Marsel”in şərəfini qoruyan Ayyu qardaşları Afrika futbolunun əfsanəsi Abedi Pelenin oğullarıdır.

Qeyd edək ki, ABŞ mundialda ilk oyununu oyunun 16-da Qanaya qarşı keçirəcək. Amerikalılar ayın 22-də Portuqaliya, 26-da Almaniya ilə görüşəcək.

0