Yubiley iştirakçıları: “Asiya pələngləri”
30.05.2014 - 23:02
Yubiley iştirakçıları: “Asiya pələngləri”

Dünya çempionatının final mərhələsinin başlamasına 12 gün qalıb. Yubiley – XX mundialın iştirakçılarını təqdim edən apasport.az saytı oxucularını H qrupunda mübarizə aparacaq Cənubi Koreya millisi ilə tanış edir. Asiya təmsilçisi mundialda Belçika, Əlcəzair və Rusiya ilə mübarizə aparacaq.

 

Dünya çempionatlarının final mərhələlərində təsadüfi qonaq olmayan koreyalılar ən böyük uğurunu 2002-ci ildə qazanıb. Həmin vaxt asiyalılar yarımfinaladək irəliləyib sonda 4-cü olmuşdu. 4 il əvvəl CAR-da təşkil olunan yarışda isə “Asiya pələngləri” 1/8 finalda mübarizəni dayandırmışdı.

 

Hen Men Bonun baş məşqçisi olduğu komanda seçmə mərhələni gözlənilmədən qrup ikincisi kimi başa vurdu. Asiya zonasının nəhənglərindən sayılan koreyalılar iki dəfə eyni – 0:1 hesabı ilə uduzduğu İrandan geridə qaldı. Lakin bu da onlara mundiala birbaşa vəsiqə üçün yetərli oldu.

 

Uzaq Şərq komandalarının hamısına xas olan dəmir nizam-intizam “İn-Yan döyüşçüləri”ndə də var. Bu üstünlük bir çox hallarda ustalıq səviyyəsinin çatışmazlığını kompensasiya etməyə də yetərli olur. Son mundialın 1/8 finalı, 3 il əvvəl Asiya kubokunda yarımfinala vəsiqələr də koreyalıları ümidləndirir.

 

Amma Bonun sərəncamında Avropa klublarında oynayan çox az sayda futbolçu var. Bundan başqa, Pak Çi Sun kimi səviyyəli oyunçunun yoxluğu da qeyd olunmalıdır. Baş məşqçinin olmayan təcrübəsindən isə danışmaq yersizdir. Düzdür, Bo millidə ən çox oyun keçirən futbolçudur. Amma məşqçi yox, oyunçu kimi.

 

Koreyalıların ən böyük ulduzları “Bayer”də çıxış edən Son Hyun Mindir. “Mayns”ın üzvü Pak Çju Ho və yerli çempionatda oynayan Pi Kın Ho da az-çox tanınan simalardandır.

 

Asiyalıların əsas qapıçısı Çjon Sen Rendir. Kvak Txe Xvi və Yun Sok En müdafiənin mərkəzində çıxış edir. Sağ cinahda Pak Yu Ho, solda isə Yun Ho Qo çıxış edir. Bu oyunçulardan üçü Avropada. Kvak isə Səudiyyə Ərəbistanında forma geyir. Ehtiyatda qalan arxa xətt oyunçuları Asiya klublarının şərəfini qoruyur.

 

Dayaq yarımmüdafiəçiləri Li Çunq Yonq və Li Yonq də əsas heyət üzvləridir. Asiyalıların əsas qol ümidi mərkəz hücumçusu Park Çu Yundur. Onu Kim Şin Vuk da əvəz edə bilər. Onun arxasında Li Kyun Ho qərarlaşır. Cinahlardan hücuma dəstəyi Son Hyun Min və Ji Don Von verməlidir.

 

Qeyd edək ki, Cənubi Koreya millisi iyunun 17-də Rusiya, 22-də Əlcəzair, 26-da Belçika ilə üz-üzə gələcək.

0