DÇ-2014: Hamını düşündürən 10 sualın cavabı
11.06.2014 - 11:58
DÇ-2014: Hamını düşündürən 10 sualın cavabı

Sabah Braziliyada start götürəcək dünya çempionatının təşkilatı işlərinin yüksək səviyyədə olması gözlənilir. Milyardlarla azarkeşin səbirsizliklə gözlədiyi mundialda hansısa problemin yaşanması proqnozlaşdırılmır.  Apasport.az xarici saytlara istinadən yarışla bağlı yarana biləcək 10 sualın cavabını təqdim edir.

 

1. Dünya çempionatı nə vaxt başlayıb, nə vaxt bitəcək?

- İlk görüş sabah San-Pauloda keçiriləcək. Yarış iyunun 12-də ev sahibi Braziliya - Xorvatiya matçı ilə başlayacaq. 32 komanda 13 iyulda Rio-de-Janeyroda “Marakana” stadionunda baş tutacaq final üçün mübarizə aparacaq. Bu dünya çempionatı sayca 20-cidir və 1978-ci ildən Cənubi Amerikada keçirilmirdi. Braziliya 5 dəfə dünya çempionu olmuş yeganə komandadır.

 

2. Favoritlər kimdir?

- İddialara görə, Braziliyanın növbəti çempionluğunu bayram etməsi daha inandırıcıdır. Həmçinin, Argentina, Almaniya və son dünya çempionu İspaniya da favoritlər sırasındadır.

 

3. Hansı yığmalardan sürpriz nəticələr gözlənilir?

- Tarixində ən yaxşı göstəricisinə 1986-cı ildə imza atan Belçika (1/8 final) sürpriz edə biləcək komandaların siyahısına başçılıq edir. Fransa və Kolumbiyanın da mundialda adından söz etdirəcəyinə inananlar çoxdur.

 

4. Dünya çempionatının ən yaxşı futbolçusu kim olacaq?

- Yarışda 3 favorit göstərilir. Lionel Messi Dieqo Maradona kimi yaxşı oyun göstərə və komandasını arxasınca daşıya bilsə, Argentinanı finala yüksəldə bilər. Kristiano Ronaldolu Portuqaliyanı qrupda Almaniya və ABŞ-la çətin oyunlar gözləyir. Onun bu qarşılaşmalarda öz ustalığını növbəti dəfə ortaya qoyacağı proqnozlaşdırılır. Ev sahibinin ulduzu Neymar Konfederasiya kubokunun ən yaxşı futbolçusu seçilmişdi. O, Braziliyanın 6-cı çempionlunu rəsmiləşdirməsi üçün daima diqqət mərkəzində olacaq.

 

5. Mundialdan çox qol gözləməyə dəyərmi?

- Əgər son zamanlardakı qeyri-məhsuldarlıq davam edərsə, bu, çətin olacaq. Çünki hər dünya çempionatında əvvəlki ilə müqayisədə orta hesabla daha az qol vurulur. Yəni, 1994-cü ildə bu rəqəm 2,71 idisə, sonuncu mundialda 2,27-yə düşüb. Orta hesabla 3 qolun vurulması 1958-ci ildə İsveçdə keçirilən dünya çempionatına təsadüf edib.

 

6. Yeni rekordlar gözlənilirmi?

- Ən böyük səbirsizliklə gözlənilən rekordlar siyahısında almaniyalı Miroslav Klozenin bombardirlik yarışında braziliyalı Ronaldonu arxada qoyub-qoymayacağı birincidir. Çünki hazırda aktivində 14 qol olan Kloze 1 dəfə fərqlənəcəyi halda “yekədiş”ə çatacaq, 2 dəqiq zərbə ilə isə onu keçəcək. Əgər Əlcəzair yığması qrupdakı ilk matçında Belçikanın qapısına yol tapa bilməsə, son 6 dünya çempionatının startında qol vurmayan yeganə komanda kimi tarixə düşəcək. İspaniyalı İker Kasilyas 15 görüşdür qapısından qol buraxmır. O “quru seriyanı” daha 3 matç davam etdirə bilsə, Peter Şilton və Fabian Bartezin rekorduna ortaq olacaq. Bu siyahıda Valter Zenqanın rekorduna çatmaq üçün isə 84 dəqiqə qalacaq. Əgər ABŞ-ın baş məşqçisi Yurgen Klinsmann və ya Fransanın çalışdırıcısı Didye Deşam komandalarını çempion edərlərsə, həm futbolçu, həm də mütəxəssis kimi qızıl medallara sahib olacaqlar. Bu uğuru indiyə kimi Mario Zaqallo və Franz Bekenbauer əldə edib.

 

7. Stadionlarda hansısa problem varmı? Hamısı tamamlanıbmı?

- 6 stadion ötən ilki Konfederasiya Kuboku üçün hazır hala gətirilmişdi. Porto-Aleqre, San-Paulo, Manaus, Cuiaba, Kuritiba və Natal ştatlarındakı 6 arenada isə sıxıntı ola bilər. Bu stadionların bəzisində işlərin tamam bitmədiyi görünür. Amma ştatların ümumi səviyyəsi memarlıq baxımından yüksək səviyyədədir.

 

8. Dünya çempionatında azarkeş baxımından bizi nə gözləyir?

- Bilet satışına diqqət yetirdikdə artıq 3 milyonunu satılıb. 64 qarşılaşmada orta hesabla 47 min fanat dedikdə isə 1950-ci ildə Braziliyada keçirilən analoji yarışla eyni görünür. Yəni, mundialda azarkeş baxımından rekord vurulacağı inandırıcı deyil. Bu siyahıda ABŞ-1994-ün birinciliyi əldə saxlayacağı sözsüzdür (orta hesabla 69 min).

 

9. Hava necə olacaq?

- Braziliyanın cənubunda gündüzlər isti, gecələr bir qədər sərin olacaq. Şimala doğru irəlilədikcə isə istilər daha sərtləşəcək. Xüsusilə, ölkənin şimal tərəfində baş tutacaq matçlar zamanı futbolçulara su içmək üçün fasilə veriləcək.

 

10. Ötən il Konfederasiya Kubokunda olduğu kimi etirazların olması gözlənilirmi?

- Bunu bu dəqiqə üçün heç kim bilmir. Hazırda da bəzi etirazlar olur. Amma ötən ilki kimi daha böyük və daha səs-küylü etirazların matçlar zamanı olub-olmayacağı da bilinmir. Polislər xüsusi olaraq təlimatlanıb və turnir ərzində onları daha çox nəzarət nöqtələrində görəcəyik. 

0