Mingəçevirdə futbol festivalı
21.07.2014 - 17:40
Mingəçevirdə futbol festivalı

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda FIFA-nın bayrağı altında AFFA-nın təşkilatçılığı ilə “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) festivalı keçirilib. Apasport.az saytının məlumatına görə, məqsədi qadın futbolunun kütləviliyinin artırılması, qızların futbola cəlb olunması, onların futbolla mütəmadi şəkildə məşğul olmasına zəmin yaradılması, xüsusilə bölgələrdə qadın futboluna marağın artırılması olan tədbirdə AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev iştirak edib.

 

Şimal-Qərb Futbol Federasiyasının prezidenti Rövşən Əhmədov, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, futbol veteranı, əməkdar bədən tərbiyəsi və idman xadimi Rüstəm Rəhimov, Azərbaycan milli komandasının məşqçisi Mahmud Qurbanov, 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Gonzales və 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Siyasət Əsgərov, U-17 qızlar yığmasının üzvləri Firəngiz Teymurova və Manə Mollayeva da iştirakçılar arasında olublar.

 

Qeyd edək, “Live Your Goals” silsilə tədbirləri daha əvvəl 2012-ci il martın 12-də "Dalğa Arena"da, aprelin 30-da Zaqatala, iyunun 8-də Quba, iyulun 28-də Şəki, avqustun 30-da Masallı şəhərlərində, həmçinin sentyabrın 18-də Bayıl stadionunda müvəffəqiyyətlə keçirilib və bu tədbirlərdə beynəlxalq futbol qurumlarının nümayəndələri ilə yanaşı tanınmış qadın futbol veteranları Şirli Kruz və Şteffi Cons iştirak ediblər.

 

 

Mənbə: affa.az

0