“2 qapıçı ilə çempion olmaq mümkün deyil” - MÜSAHİBƏ
21.07.2014 - 23:00
“2 qapıçı ilə çempion olmaq mümkün deyil” - MÜSAHİBƏ

 

“Xəzər Lənkəran”ın yeni qapıçılar üzrə məşqçisi Murat Göksunun apasport.az saytına müsahibəsi

 

- Türkiyə Superliqasında mübarizə aparan “Sivasspor” klubundan Azərbaycana gəlməyinizə səbəb nə oldu?

 

- Ötən mövsümün sonunda “Sivasspor”la müqaviləm başa çatdı. Bu səbəbdən komandadan ayrılmaq istədim. Oğuz Çətinlə bundan öncə də bir yerdə işləmişdik. “Diyarbəkirspor”, “Boluspor”, “Gənclərbirliyi”ndə birlikdə çalışmışdıq. O, mənə “Xəzər Lənkəran”da işləməyi təklif etdi. Mən də təklifdən imtina etmədim.

 

- “Xəzər Lənkəran”dan öncə başqa komandalardan təklif almışdınız?

 

- Konkret təklif yox idi. Bilirsiniz ki, qapıçı məşqçiləri baş məşqçilərlə birlikdə işləyir. Yəni, kim hansı komandada bir məşqçi ilə uzun müddət işləyibsə, onunla birlikdə hansısa komandaya gedir. “Sivasspor”da ordakı digər məşqçilərlə birlikdə işlədik. Düzdü, bir neçə təklif gəldi, amma dəqiq deyildi. Təkliflərin çoxunu məşqçilərdən idi. Mən Oğuz Çətini seçdim.

 

- Konkret hansı məşqçilərdən?

 

- Adlarını deyə bilmərəm. Amma mən çox məşqçilərlə birlikdə işlədim. Bunların arasında 4-5 əcnəbi, digərləri yerlilər idi. Bülənt Uyğun, Mixail Skibbe, Oğuz Çətin, Karol Petse ilə çalışdım. 11-12 il Türkiyə Superliqasında  məşqçilik karyeram var. Amma onsuz da seçimim Oğuz Çətin olacaqdı. Onunla çalışmaq adama ləzzət edir. Hətta mən bir dəfə Oğuz bəyi gözlədiyim üçün işsiz qalmışdım. O, milli komandaya gedərkən.

 

- “Sivasspor”un baş məşqçisi ötənlərin tanınmış futbolçusu Roberto Karlosdu. Onunla çalışmaq necə idi və hansı xarakterə malik insan idi?

 

- Roberto Karlosun xarakteri haqqında nəsə deyə bilmərəm. Futbolçu karyerasını yeni bitirib və məşqçilik edir. “Sivasspor”da onun üçün yaxşı şərait yaradılıb. Türkiyənin ən yaxşı məşqçilərindən bir neçəsi kluba gətirildi, yaxşı futbolçular transfer olundu. O da bunun qarşılığın verdi. Ötən mövsüm çempionatı lazım olan mövqedə bitirdi. Onun da şəxsi düşüncələri var. O da mövsüm başa çatan kimi öz yanına gətirdiyi köməkçilərini belə komandadan göndərdi. Məni klubda saxlamaq istəsələr də, qalmadım. Özümü yaxşı hissə etmədiyim yerdə işləmək olmaz. Çünki bilirdim ki, Roberto Karlos öz istədiyi məşqçiləri gətirmək istəyir. Ölkə xaricindən qapıçılar üçün məşqçi gətirmək fikrində idi. 

 

- “Xəzər Lənkəran”a gələnə qədər Azərbaycan futbolu haqqında nə bilirdiniz?

 

- Elə də çox məlumatım yox idi. Bildiyim qədər ilə “Sivasspor”da oynayan Cihan Özkara Azərbaycan milli komandasının üzvüdür. Onunla danışırdıq. Azərbaycan futbolu son 4-5 ildə inkişafa nail olub. “Əskişəhərspor”da Rəşad Sadıqovla birlikdə işləmişik, İlqar Qurbanovu “Sivasspor”dan tanıyırdım. İlqarla tanışlığım çoxdan olub. Səhv etmirəmsə, 2006-2007-ci illər idi. 

 

- “Sivasspor”la “Xəzər Lənkəran”ı necə müqayisə edərdiniz?

 

- Hər komandada fərqli şeylər var və bu, normaldır. İndi təlim-məşq toplanışında olduğumuz üçün bu barədə çox danışa bilmərəm. 3 gündür ki, burdayam. Zaman keçdikdə fərqlilikləri daha asan müəyyənləşdirə bilərəm. Burda çox gözəl bir ortam var. Həqiqətən komandamız yaxşıdır. Futbolçular canla-başla məşq edirlər. İstəkləri çoxdur. Burda işləyən insanlar mehribandırlar. Amma bütün fərqləri demək üçün komandanın bazasını, azarkeşlərini, stadionunu, oyunlarını görməyim lazımdır. Sonra azarkeşin komandaya necə bağlı olduğunu bilməyim, qələbədən sonra sevinci necə sevinc yaşamağım lazımdır. Amma “Sivasspor” Türkiyənin ən yaxşı klublarındandır.

 

- “Xəzər Lənkəran”ın növbəti mövsüm məqsədi həm kuboku, həm də çempionluğu qazanmaqdır. Sərəncamınızda iki qapıçı var. Bunlarla mümkün olacaqmı?

 

- Yox, 2 qapıçı ilə çempion olmaq mümkün deyil. Heç təlim-məşq toplanışında 2 qapıçı ilə çalışmaq da düzgün deyil. Həm də mən Azərbaycan çempionatındakı qapıçıları yaxşı tanımıram. Oğuz Çətinlə bu barədə danışacağıq. Daha bir qapıçı almağımız vacibdir.

 

- Şəxsən sizin komandada görmək istədiyiniz qapıçı var?

 

- Yox, belə bir qapıçı yoxdur. Bəlkə bundan öncə komandada olan qapıçılar üzərindən hərəkət edə bilərik.

 

- Orxan Sadıqlı, yoxsa Tərlan Qasımzadə daha yaxşıdır?

 

- Hər iksi mənə görə yaxşı qapıçıdır. Onlar haqqında qərarı oyunlar zaman verəcəyik. Kim özünü yaxşı göstərəcəksə, o da qapımızı qoruyacaq.

 

 

 

 

 

0