[b]İlk qol, avtoqol, texniki qələbə və Qurban Qurbanovun debütü[/b]
23.07.2014 - 17:37
[b]İlk qol, avtoqol, texniki qələbə və Qurban Qurbanovun debütü[/b]

Avrokuboklarda 4-cü dəfə Azərbaycan və Avstriya klubları üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Zalsburq”a qədər 3 dəfə bu ölkə təmsilçiləri ilə görüşmüşük.

 

Hər duel də özəlliyi ilə diqqət çəkir. 1996-cı ilin yayında “Kəpəz”in avrokuboklardakı debütünü “Austriya” korlasa da, Yadigar Süleymanovun qolu qitə miqyaslı turnirlərdə təmsilçilərimizin ilk topu kimi tarixə düşdü.

 

2004-cü ildə isə indiki “İnter” “Xəzər Universiteti” adı ilə tarixində ilk dəfə mərhələ adladı. Avstriya “Kazino”sunu keçən “tələbələr” 0:4 hesabı ilə uduzduğu qarşılaşmada aldığı texniki qələbə sayəsində buna nail oldu. Həmin qələbə futbol tariximizə ilk texniki qələbə kimi düşdü. Cavab oyunu isə rəqiblərimizin ilk avtoqolu ilə də əlamətdar oldu.

 

2007-ci ildə isə Qurban Qurbanov avrokuboklarda baş məşqçi kimi debüt edəndə avstriyalılarla görüşmüşdü. Səfərdə “Rid”ə 1:3 hesabı ilə uduzan “Neftçi”nin o vaxtkı çalışdırıcısı indiki kimi təcrübəyə malik deyildi. Bəlkə də bu üzdən fiziki hazırlığı o qədər yaxşı olmayan “Neftçi” Bakıda 2 qol vurduqdan sonra gücü tükəndiyindən üstünlüyünü qoruya bilmədi. 2:1 hesablı qələbə meydanda avstriyalılar üzərindəki hələlik yeganə uğur oldu.

 

7 il sonra yenə Avstriya klubu ilə qarşılaşacaq Qurbanov indi “Qarabağ”la uğur qazanmağa çalışacaq. 30 oyunluq avrokubok təcrübəsini Avstriyadakı debütlə toplayan mütəxəssis güclü “Zalsburq” səddini adlamağa çalışacaq.

 

Azərbaycan və Avstriya klublarının avrokuboklardakı duelləri

1996/97. “Kəpəz” – “Austriya” (Vyana) – 0:4, 1:5

2004/05. “Kazino” – “Xəzər Universiteti” - -:+, 1:2

2007/08. “Rid” – “Neftçi” – 3:1, 1:2

0