Bosniyalı futbolçu: AZAL mənə görə klub deyildi
23.07.2014 - 17:50
Bosniyalı futbolçu: AZAL mənə görə klub deyildi

“Mən nə baş verdiyini başa düşmədim. AZAL-da baxışda oldum. Düşünürəm ki, özümü yaxşı tərəfdən göstərə bildim. Ancaq menecerim sonra mənə dedi ki, səninlə müqavilə bağlanmayacaq”. Bunu apasport.az saytına Bosniya və Herseqovinanın “Velej” klubunun müdafiəçisi Samir Merziç deyib.

 

AZAL Bakı toplanışı zamanı baxışa çoxlu sayda əcnəbi futbolçu dəvət etdi. Bunlardan biri də bosniyalı Samir Merziç idi. O, “təyyarəçilər”in “Rəvan”ı 3:0 hesabı ilə məğlub etdiyi yoxlama görüşündə 90 dəqiqə meydanda oldu. Mərkəz müdafiəçisi olan Merziç ciddi səhvlərə yol verməsə də, baş məşqçi Tərlan Əhmədov tərəfindən bəyənilmədi. Sonradan klubdan onun bəyənilməməsinin səbəbi kimi futbolçunun fiziki hazırlığının qaydasında olmadığı göstərildi.

 

Rusiyanın “Amkar” klubunun sabiq futbolçusu olmuş 30 yaşlı Merziç isə deyilənlərlə razılaşmır: “Əgər buna görə bəyənilməmişəmsə, bu, gülməlidir. Mövsüm öncəsi fiziki hazırlığın bir qədər zəif olması normal haldır. İstirahətdən sonra fiziki durumun qaydasında olması mümkün deyil. Ancaq mən artıq ötən mövsüm çıxış etdiyim “Velej” ilə yeni müqavilə bağlamışam. Ona görə də daha sərbəst futbolçu deyiləm. Belə də ki mən düşünürəm ki, AZAL mənə görə klub deyildi”.  

0