[b]“Neftçi”, yubileyi korlama![/b]
23.07.2014 - 18:00
[b]“Neftçi”, yubileyi korlama![/b]

Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Koper” (Sloveniya) – “Neftçi” (Azərbaycan) oyunu futbolumuz üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Koper şəhərində baş tutacaq qarşılaşma Azərbaycan klublarının avrokuboklarda 200-cü qarşılaşması olacaq.

 

İndiyədək təmsilçilərimiz bu yarışlarda 198 qarşılaşmaya çıxıb. Sabah daha tez keçiriləcək “İnter” (Azərbaycan) – “Elfsborq” (İsveç) matçı 199-cu olacaqsa, Sloveniyadakı görüş yubiley xarakteri daşıyacaq.

 

Bakı vaxtı ilə 23:30-da start götürəcək qarşılaşmada “Neftçi” möcüzəyə imza atmalıdır. Evdə 1:2 hesabı ilə uduzan “ağ-qaralar” ən azı 2 qol vurmalıdır ki, yubileyi korlamasın.

 

Avbrokuboklarda debütü 1994-cü il avqustun 9-na təsadüf edən Azərbaycan qitə səhnəsinə “Turan”la çıxıb. İstanbulda “Fənərbaxça”dan 5 cavabsız ol buraxan Tovuz təmsilçisi sabah 200-ə çatacaq yolumuzun ilk addımını atıb.

 

20 ildə baş tutan 198 oyunda komandalarımız 53 qələbə qazanıb, 44 heç-heçə edib və 101 dəfə uduzub. Hadisələrin uğurlu axarı sayəsində 200-cü oyun iki “beş”lə - 55-ci qələbə ilə də əlamətdar ola bilər. Bunun üçün “İnter” də, “Neftçi” də qalib gəlməlidir. 198 qarşılaşmada futbolçularımız 168 qol vurub və 331-ni buraxıb. Burada oyunların 90 deyil, 120 dəqiqəsinin nəticəsi qeydə alınıb və penaltilər seriyası ilə nəticəsi ləğv olunan matçlar hesablanmayıb. Eyni zamanda 2 texniki nəticə də top fərqinə salınmayıb.

 

Baş tutan 198 görüşdən 44-ü Çempionlar Liqası, 120-si əvvəl UEFA kuboku adlanan Avropa Liqası, 26-sı İntertoto kuboku, 8-i Kuboklar kubokuna təsadüf edib.

 

200-ə çatmağımızda ən böyük pay “Neftçi” və “Qarabağ”ındır. Bakılılar rekord sayda – 45, ağdamlılar 44 avrokubok matçı keçirib. Digər 15 Azərbaycan klubunun oyun sayı isə xeyli azdır.

 

Futbolçular arasında ən çox oyuna çıxanlar – Rəşad Sadıqov və Rəşad Sadıqovun da hərəsi 44 matçın iştirakçısı olub.

 

0