Rahid Əmirquliyev: Futbolçular narazıdı - MÜSAHİBƏ
23.07.2014 - 23:00
Rahid Əmirquliyev: Futbolçular narazıdı - MÜSAHİBƏ

Hazırda Sloveniyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” klubunun kapitanı Rahid Əmirquliyevin apasport.az saytına müsahibəsi

 

- Komandanızın indiki toplanışı əvvəlkilərlə müqayisədə daha uzun çəkdi.  Belə vəziyyətdə futbolçular adətən darıxırlar...

- Düzdü, evdən uzaqda olanda hamı darıxır. Sadəcə, komandamız son illər nəticə verə bilmir. Həm Premyer Liqada, həm də kubokda uğursuz çıxış etdik. Amma indi elə hazırlaşırıq ki, bu il mütləq nəticə olmalıdır. Bütün futbolçular bunu düşünür. Ona görə indi darıxmağı yox, növbəti mövsümü düşünürük. Çempionatın startını gözləyirik.

 

- Komandanız keçirdiyi 3 yoxlama matçında 2 qələbə qazanıb, 1 oyunda heç-heçə edib. Kapitan kimi bu görüşlərdə nədən narazı qaldınız?

- Nədənsə narazı deyiləm. Əslində, bu haqda baş məşqçi daha səlis şərh verə bilər. Yoxlama görüşlərində nəticənin önəmi yoxdur. Oyunlara yorğun çıxırıq. Çünki ağır məşqlər olur və sonra yoxlama oyunları keçiririk. Əsasən fiziki durumu düzəltmək üçün çalışırıq. Bir də yaxşı komanda formalaşdırmaq üçün, futbolçuların bir-birini başa düşməsi üçün yoxlama matçları keçiririk.

 

- “Rad”la görüşdə Junior Nildonun Rauf Əliyevlə əvəzlənməsindən sonra hücumlarınızın kəsəri azaldı. Bu fikirlə razısınız?

- Mən elə deməzdim. Sadəcə, komandada yorğunluq oldu. İkinci hissədə yorğunluq açıq-aşkar özünü göstərdi. Çünki oyundan bir gün qabaq fiziki hazırlıq üçün məşq etmişdik. Rəqibin heyətində isə ikinci hissədə 9 yeni futbolçu çıxdı. Biz isə yorğun olduq deyə elə göründü.

 

- 3 oyunda elə də güclü olmayan komandalardan 4 qol buraxmaq hansısa çatışmazlıqdan xəbər vermirmi?

- Düzdü, hər oyun qol buraxmaq pisdir. Onun üzərində işləyirik. Çempionatın başlamasına hələ vaxt var. Ona kimi hər şeyi düzəltməyə çalışacağıq. Sevindirici hal da odur ki, biz hər oyun qol vururuq.

 

- Müdafiənin sağ cinahında problemlərin olması ilə razısız?

- Bu mövqedə Tural Cəlilov oynayır. O, son zamanlar yaxşı forma yığıb. Məncə, ötən mövsümün ən güclülərindən biri Tural idi. Sadəcə, həmin mövqedə tək olması çətinlik yarada bilər. Onu əvəzləmək üçün futbolçular var. Adrian Skartlatake də həmin cinahda oynayır.

 

- Sizin də həmin mövqedə oynamaq ehtimalınız var. Buna hazırsınız?

- Ola bilsin ki, 1-2 oyun həmin mövqedə yer aldım. Əsas odur ki, komandaya xeyrim dəysin. Əgər məşqçi tapşırsa, müdafiənin sağ cinahında oynamağa hazıram.

 

- Uzun müddətdir “Xəzər Lənkəran”dasınız. İndiki heyəti bundan öncəki hansı mövsümdə olan heyətlə müqayisə edərdiniz?

- Mən “Xəzər Lənkəran”a gəldiyim ilk ildə güclü heyət var idi. Yerli futbolçular üstünlük təşkil edirdi. Həmin mövsüm biz çempion olduq. “Birlik Kuboku”nu da qazanmışdıq. İndiki heyəti yalnız həmin mövsümdə olan heyətlə müqayisə edərəm. Biz hazırda elə gücdəyik ki, həm çempionluğu, həm də kuboku qazana bilərik.

 

- Əvvəlki illərdə toplanışına gec qoşulan legionerlər yerli futbolçular tərəfindən tənbeh olunurdu. Mbilla Etame də hazırlığa bir ay gec qoşuldu. Kapitan kimi, bununla bağlı kamerunlu legionerə irad bildirdiniz?

- Birincisi, bu məsələyə rəhbərlik baxmalıdı və futbolçu üçün lazım olan tədbirləri görməlidir. Futbolçular narazılıqlarını bildiriblər. Onun bu hərəkəti heç kimin xoşuna gəlmədi. Hamı təlim-məşq toplanışına qatılıb, növbəti mövsümə hazırlaşır, bu isə istirahət edir. Məncə, Mbilla cəzalanmalıdır. İnanıram ki, rəhbərlik onu cəzalandıracaq.

 

- Mbillaya konkret kim etiraz etdi?

- Şəxsən mən də niyə gec gəldiyini soruşdum. Ailəsində probleminin olduğunu dedi.

 

 

 

0