Bakı klubunda problemlər davam edir
24.07.2014 - 11:50
Bakı klubunda problemlər davam edir

Azərbaycanı CEV kubokunda təmsil edəcək “İqtisadçı” növbəti problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, “universitet komandası” bu dəfə Azərbaycan çempionu Reyçel Rurkla danışıqları müsbət yekunlaşdıra bilməyib.

 

Belə ki, Super Liqanın bürünc mükafatçısı “Rabitə”dən avstraliyalı hücumçunu icarəyə götürsə də, danışıqlar son anda alınmayıb. Rurk Cənubi Koreyanın “Heunqkuk” klubunu “İqtisadçı”dan üstün tutaraq, Asiya ölkəsinə yollanıb.

 

Bununla da komandanın transfer bazarında passivliyi davam edir. “Lokomotiv”dən alınan rusiyalı Aleksandra Samoylova da Bakı klubuna gəlməsə, təəccüblənməyə dəyməz. Çünki Rurkdan öncə xorvatiyalı Katarina Barun da son anda “İqtisadçı”dan üz döndərmişdi.

 

Qeyd edək ki, “İqtisadçı” klubu hələ hansısa transferini açıqlamayıb.

0