Anders Svensson: “İnter”i keçə bilməmək faciə olar - MÜSAHİBƏ
24.07.2014 - 15:27
Anders Svensson: “İnter”i keçə bilməmək faciə olar - MÜSAHİBƏ

İsveç millisinin sabiq kapitanı və “Elfsborq”un vitse-kapitanı Anders Svenssonun apasport.az saytına müsahibəsi

 

- Avroliqanın II təsnifat mərhələsinin ilk oyununda “İnter”ə 0:1 hesabı ilə yenildiniz. Bəs, cavab matçı haqqında nə deyə bilərsiniz?

- İlk matçda doğma meydanımızda məğlub olmağımız işimizi çətinə salıb. Ona görə də bizim üçün çətin oyun olacaq. İsveçdə yaxşı çıxış edə bilmədik. Amma Bakıda ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq ki, növbəti mərhələyə adlayan komanda biz olaq.

 

- İsveç çempionatında ardıcıl 4 oyunda qələbə qazana bilmirsiniz. “İnter”lə matçı da bura əlavə etsək, say 5-ə çatır. Qələbəsiz oyunlar seriyasının səbəbi nədədir?

- Bunun səbəbini mən də bilmirəm. Biz ən yaxşı oyunçumuzu itirmişik. Bəlkə də bu səbəbdən oyunumuz alınmır. Amma hər halda çalışırıq ki, özümüzə gələk və qələbə qazanmağa yenidən başlayaq. Hazırda yaxşı formadayıq. Sonadək qələbə üçün mübarizə aparacağıq.

 

- Əsl baş məşqçiniz, hazırda menecer kimi fəaliyyət göstərən Klas İnqesson əlil arabasında gəzdiyi üçün Bakıya gələ bilməyib. Onun sizinlə gəlməməsi komandaya hər hansısa bir təsir göstərmir ki?

- Yox. O, İsveç çempionatının “Nörrçöpinq”lə oyununda da bizimlə səfərə getməmişdi. Məğlub olmağımıza baxmayaraq, yaxşı çıxış etmişdik. “İnter”lə matçda da bunun bizə problem yaradacağını düşünmürəm.

 

- Əgər “İnter”i keçə bilməsəniz, bu sizin üçün faciə olacaq?

- Biz ötən mövsüm Avroliqanın qrup mərhələsində çıxış etmişik. Ona görə də “İnter”i keçə bilməmək faciə olar. Düşünürəm ki, ümumilikdə bizim üçün yaxşı rəqib qarşımıza düşüb. Maraqlı qarşılaşma olacaq. Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq.

 

- İsveçin hava şəraiti sərin olur. Bakıda isə isti hava hökm sürür. Bu sizə hər hansı problem yarada bilər?

- Siz ötən həftə İsveçdə olmusunuz?

 

- Yox, çox təəssüf ki, olmamışıq.

- Olsaydınız, bilərdiniz. Hazırda İsveçdə də isti hava şəraiti hökm sürür. Ona görə bunun bizə böyük problem yaradacağını düşünmürəm.

 

- Ötən mövsüm Avroliqanın qrupunda “Zalsburq”la qarşılaşmısınız. Keçən il sizin “Gefle” klubunu məğlub edən “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində məhz Avstriya çempionu ilə qarşılaşacaq...

- Aaa, eləmi? “Qarabağ”ın işi çətin olacaq. “Zalsburq” çox güclü komandadır. Ola bilər ki, indi heyətləri dəyişib. Amma ötən il bizə qarşı oynayanda çox güclü idilər. Hər 2 oyunda bizi məğlub etmişdilər. Təsadüfi deyil ki, qrupda maksimum xal toplayıb I olmuşdular.

 

- İsveç yığması ilə Bakıda millimizə qarşı oynamısınız və qələbə topunu da məhz siz vurmusunuz. Solnada 3:0 hesabı ilə qalib gəldiyiniz görüşdə də hesabı siz açmısınız. Həmin oyunlardan nə yadınızda qalıb?

- Açığı, yalnız Bakıdakı qolumu xatırlayıram. 1999-cu ildə CAR-la görüşdə əsas millidə debüt etsəm də, 14 il əvvəl ilk rəsmi matçım məhz Azərbaycana qarşı olub. Ona görə də bu matç yaxşı yadımdadır. Amma cavab qarşılaşmasında qol vurmağımı siz yadıma saldınız. Elə bilirdim ki, yığmanıza cəmi 1 qol vurmuşam... Yadımdadır ki, Bakıdakı oyun başqa stadionda keçirilmişdi. O vaxt Bakı da belə gözəl deyildi. Həmin matçda hesabı erkən açsaq da, futbolçularınız bizə çətin anlar yaşada bilmişdi.

 

Səbuhi TOFİQOĞLU

0