Georgi Nikolov: Sxadadze postunda qalacaq - MÜSAHİBƏ
25.07.2014 - 10:51
Georgi Nikolov: Sxadadze postunda qalacaq - MÜSAHİBƏ

Avropa Liqasının II təsnifat mərhələsində İsveçin “Elfsborq” klubuna penaltilər seriyasında uduzan “İnter”in prezidenti Georgi Nikolovun apasport.az saytına müsahibəsi

 

- Komandanız penaltilər seriyasında uduzdu. Bu matç haqqında fikirləriniz necədir?

- Hakimlər oyunu məhv etdilər. Özünüz də gördünüz ki, qırmızı vərəqə və penalti haqsız qərar idi. “İnter” isə əvəzində yaxşı oyun göstərdi. Məyus olsaq da, komandamızın oyunundan məmnununam. Penaltilər seriyası “rus ruleti”dir. Burda kimin bəxti gətirsə, o da qalib gəlir. Bu gün bəxt “Elfsborq”un tərəfində oldu. Nə edək? Bəxtimiz yoxdur. Oyun zamanı da əlimizə xeyli qol vəziyyəti düşdü.

 

- Maraqlıdır ki, oyunun hakimləri sizin yerliləriniz - bolqarıstanlılar idi. Onlara hər hansı narazılıq bildirdiniz?

- Yox, mən heç onlarla görüşmədim. Oyundan qabaq da hakimlərin mənim həmvətənlərim olması bir çox söz-söhbətlərə yol açmışdı. Amma siz hər şeyi gördünüz. Baxın Laşa Salukvadzeyə qırmızı vərəqə verildi və qapımıza penalti vuruldu. Dieqo Madriqala qarşı da rəqib futbolçular öz cərimə meydanında eyni kobudluğu etdilər. Hakim isə penalti təyin etmək əvəzinə bizim hücumçumuza sarı vərəqə verdi. Amma açıq-aşkar görünürdü ki, orada Madriqala qarşı kobudluq var idi və bu penalti idi.

 

- Kaxaber Sxadadze oyundan sonra keçirilən mətbuat konfransında istefa verdiyini açıqladı. Rəhbərliyin bunu qəbul edəcəyi halda gedəcəyini bildirdi...

- Bir oyuna görə baş məşqçi göndərmək düzgün deyil. Fikrimcə, Kaxaber Sxadadze oyunda uduzduqları üçün emosiyaya qapılıb və bunları söyləyib. Yadınızdadırsa, o ötən mövsüm də istefa vermişdi. Amma biz onun getməsinə imkan vermədik. Bu dəfə də eyni vəziyyət olacaq. O, postunda qalacaq. Düşünürəm ki, Kaxaberin hələ bizə çox köməyi dəyəcək. Qarşıda Premyer Liqa var. Bir sözlə, ona etimadımız böyükdür.

 

- Gürcü məşqçi həm də bildirdi ki, istefa verməyinə səbəb ətrafındakı insanların klub üçün iş görməməyidir. Tək işləməkdən yorulduğunu deyir...

- Mən sizə dedim ki, Kaxaber Sxadadze emosiyaya qapılıb. Onun dedikləri məğlubiyyətin acısının təsiridir. Normalda belə sözlər deməz. Biz bu məşqçi ilə yolumuza davam edəcəyik. İnanıram ki, o, “İnter”də qalıb komandanı növbəti mövsümə hazırlayacaq

 

- Əgər getməkdə israr etsə, başqa variantlar var?

- Yox, biz onun getməsinə imkan verməyəcəyik. Başqa variant yoxdur, çünki biz Kaxaber Sxadadzenin getməsini istəmirik. O, burada qalıb bizimlə davam etməlidir. Hələ qarşı da Azərbaycan Premyer Liqasının oyunları gəlir. Onlara hazırlıqlar davam etməlidir.

 

- Kaxaber Sxadadze oyundan əvvəl bildirmişdi ki, “İnter”də bəzi mövqelərə futbolçular lazımdır. Bu fikirlər razısınız, ya komandanı çempionata tam hazır sayırsınız?

- Əgər baş məşqçi deyirsə ki, komanda hazır deyil deməli elədir. Biz indi bəzi mövqeləri gücləndirməliyik. “Elfsborq”la oyun göstərdi ki, komandada problemlər var. Hücum xəttində də çatışmazlıqlar qalmaqdadır. Çempionatın başlamasına 2 həftə qalır. Bu müddət ərzində yeni futbolçular heyətə dəvət edəcəyik.

 

Elsevər MƏMMƏDOV

0