Azərbaycan çempionatında ilk seneqallı
25.07.2014 - 12:43
Azərbaycan çempionatında ilk seneqallı

Azərbaycan Super Liqasının bürünc mükafatçısı “İqtisadçı” səssizliyə son qoyub. Apasport.az saytının məlumatına görə, “universitet komandası” birdən-birə 4 voleybolçunu heyətinə qatıb.

 

Ölkəmizi CEV kubokunda təmsil edəcək Bakı klubu amerikalılar – Kayla Banvart, Kristi Cekson, Enn Eqlund və seneqallı Fatu Diukla 1 illik müqavilə bağlayıb. Bu voleybolçulardan ilk ikisi “Rabitə”yə məxsus olduğundan, “İqtitisadçı”da icarə əsasında çıxış edəcəklər.

 

Onlardan fərqli, Eqlund Almaniya Bundesliqasından transfer olunub. 25 yaşlı toppaylayıcı vətənində “University of Washington” (2007-2010), Avstriyada “SVS Post” (2011-2012), Fransada “Nant” (2012-2013) və Almaniyada “Rote Raben” (2013-2014) klubunun şərəfini qoruyub. Enn bu komandalarla Avstriya çempionu və kubokunun sahibi olub. O, həmçinin Almaniya kubokunu da başı üzərinə qaldırmağı bacarıb.

 

2013-cü ildən millisinə dəvət alan 177 sm boya malik oyunçu Panamerika və Şimali Amerika Oyunlarının qalibi, Çempionlar Kubokunun finalçısı (hamısı 2013) olub.

 

Diuk isə Azərbaycanda oynayacaq ilk seneqallı kimi tarixə düşəcək. Ampulaca hücumçu olan 29 yaşlı afrikalının karyerası əsasən Fransa klubları ilə bağlıdır. Onun sonuncu klubu bu ölkənin II liqasında çıxış edən və 2013/2014 mövsümündə Fatunun bombardirliyi sayəsində yuksək diviziona vəsiqə qazanan “Quimper” olub. 180 sm boya malik hücumçu millisinin də əsas simalarından sayılır. Maraqlıdır ki, o da "İqtisadçı"da icarə əsasında oynayacaq. Çünki bu voleybolçunu da "Rabitə" transfer edərək (3 illik), "universitet komandası"na icarəyə verib.

0