“Neftçi” üçün Superkubokun keçiriləcəyi məkan
25.07.2014 - 15:21
“Neftçi” üçün Superkubokun keçiriləcəyi məkan

Avropa Liqasının II təsnifat mərhələsində Sloveniyanın “Koper” klubunu məğlub edən “Neftçi” növbəti mərhələyə vəsiqə qazanıb. Apasport.az xəbər verir ki, III mərhələdə “ağ-qaralar”ı Gürcüstan “Çixura”sı ilə oyunlar özləyir. Gözlənilmədən Türkiyənin “Bursaspor” klubunu iki görüşün nəticəsinə görə məğlub edən qonşu ölkə klubu təmsilçimizə rəqib olub.

 

Əsası 1938-ci ildə qoyulan bu klubun uğurları o qədər də çox deyil. Saçxere şəhərini təmsil edən bu klub adını şəhərin yanından keçən Çixura çayından götürüb. Komandanın hazırki baş məşqçisi Samson Priudzedir. Əsasən yerli futbolçulardan təşkil olunmuş klubun büdcəsi 4 milyon avrodan artıq deyil. Komandanın oyunlarını Saçxere şəhərinin mərkəzi stadionunda keçirir. Stadionun tutumu isə cəmi 2 min nəfərlikdir. “Çixura” Avrokuboklar matçını isə Mixaıl Mesxi adına stadionda keçirir. Bu arena 27 min 223 azarkeş tutumuna malikdir. Stadion paytaxt Tiflisdən 130 km aralıda yerləşir. Mixaıl Mesxi adına stadion 2015-ci il UEFA Superkubokuna ev sahibliyi edəcək. “Neftçi” də cavab oyununu bu arenada keçirəcək.

 

“Çixura” 2006/2007-ci il mövsümündə ilk dəfə Gürcüstan yüksək liqasına vəsiqə qazansa da, debütü uğursuz olub. 4 mövsüm birinci dəstədə oynayan komanda 2012/2013 mövsümündə yenidən elitaya qayıdıb. Bu dəfə isə çox uğurlu şəkildə. 2013-cü ildə onlar tarixlərinin ən böyük uğuruna imza atıb. Belə ki, ölkə kubokunun finalına vəsiqə qazanan “sarı-qırmızılar” “Dinamo” ilə qarşılaşıb. Qarşılaşmanı 1:3 hesablı məğlubiyyətlə başa vurmasına baxmayaraq Pruidzenin yetirmələri avrokuboklarda iştirak etmək hüququ qazanıb. Lixtenşteynin “Vaduts” klubu ilə qarşılaşan Gürcüstan təmsilçisi iki oyunun nəticəsinə görə növbəti mərhələyə vəsiqə qazanıb. Evə 0:0, Lixtenşteyndə 1:1 hesablı bərabərliyə imza atan komanda səfərdə vurulan qolun hesabına Avroliqanın II təsnifat mərhələsində oynamaq hüququ qazanır. Bu mərhələdə isə onlar İsveçrənin “Tun” klubu ilə üz-üzə gəlirlər. Hər iki oyunda isveçrəlilərə məğlub olan (1:3, 0:2) “Çixura” mübarizəni dayandırır. Amma bunlar komanda üçün böyük uğur sayılırdı.

 

Ötən mövsümü 3-cü pillədə başa vuran Saçxere şəhərinin komandası yenidən avrokuboklarda mübarizə aparmaq hüququ qazanıb. İlk turda Makedoniyanın “Turnovo” klubu ilə qarşılaşan “Çixura” iki oyunu da qələbə ilə (3:1, 1:0) başa vurub və ikinci mərhələyə çıxıb. Burada isə “Bursaspor”u penaltilər seriyası ilə mübarizədən kənarlaşdıran gürcülər III mərhələdə “Neftçi” ilə üz-üzə gələcəklər.

 

Bu komandanın heyətində bir vaxtlar “İnter”də oynamış David Odikadze top qovur. 2009-2011-ci illrdə “bankirlər”in üzvü olmuş müdafiəçi komandanın əsas futbolçularından sayılır.

 

“Çixura” “Neftçi” üçün yad komanda deyil. Belə ki, Böyükağa Hacıyevin yetirmələr Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı keçirdiyi zaman bu komanda ilə 2 dəfə üz-üzə gəlib. İlk oyunda 3:2 hesablı qələbə qazanan gürcülər ikinci oyunda “ağ-qaralar”la “sülh” bağlayıb – 1:1.

 

0