“Xəzər Lənkəran”dan əzmkar qələbə - YENİLƏNİB
27.07.2014 - 22:19
“Xəzər Lənkəran”dan əzmkar qələbə - YENİLƏNİB


Sloveniyada yeni mövsümün  hazırlıqlarını başa vurmaq üzrə olan “Xəzər Lənkəran” bu gün növbəti yoxlama matçına çıxıb.Apasport.az saytının xəbərinə görə, cənub təmsilçisinin dördüncü  - sonuncu sınaqdakı rəqibi Rusiya təmsilçisi “Arsenal” olub.

 

Bu ildən Premyer Liqada çıxış edəcək Tula komandası bundan öncə Sloveniyadakı yoxlama matçında Hafiz Məmmədovun  “Şeffild Uensdey” klubunu üzərində qələbə qazanıb – 2:1. Ötənlərin tanınmış futbolçusu Dmitri Aleyniçevin baş məşqçisi olduğu “Arsenal”da cəmi bir legioner var ki, bu da 31 yaşlı çernoqoriyalı Mladen Kaşçelandı.

 

Komandanın qapısını isə Moskva “Spartak”ı və Kiyev “Dinamo”sundakı çıxışları ilə tanınan Aleksandr Filimonov qoruyur. 41 yaşlı qapıçı 2011-ci ildə çimərlik futbolunda Rusiya yığmasının heyətində dünya çempionu, elə həmin il Moskvanın “Lokomotiv” klubu ilə  Avropa Liqasının qalibi olub. Hazırda “Arsenal”da oynayan məşqçidir.

 

“Xəzər Lənkəran”ın “Arsenal”la oyunu əvvəlcədən nəzərdə tutulduğu vaxt və məkanda baş tutmayıb. Belə ki, "Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin komandanı Bakovise stadionuna çıxarmaq istəməyib.

 

Buna arenanın ot örtüyünün bərbad vəziyyətdə olması səbəb olub. Çətin futbolçuları zədədən qorumaq üçün oyunun başqa meydana keçirilməsini istəyib. Bu üzdən də Bakı vaxtı ilə saat 21:30-da başlayan matç Renkovçi stadionunda keçirilib.

 

Gərgin keçən qarşılaşmada hesabı rusiyalılar açıb. Lakin ilk yarıda buraxılan qoldan dərhal sonra “Xəzər Lənkəran” hesabda tarazlıq yarada bilib. Fasilədən sonra qarşılıqlı hücumlar şəraitində keçən oyunda daha bir qol vurulub. Matçın taleyini Etame Mbillla həll edib.

 

Bu qarşılaşma ilə hazırlığı yekunlaşdıran “Arsenal” Rusiya çempionatında ilk matçını avqustun 2-də “Zenit”ə qarşı keçirəcək. “Xəzər Lənkəran” isə toplanışı başa vuraraq, Bakıya qayıdacaq.

 

 Xatırladaq ki, bundan öncə 3 sınaq matçı keçirən “Xəzər Lənkəran” “Karpatı”nı (Ukrayna) 3:1, “Yurmala”nı (Latviya) 2:1 hesabı ilə məğlub edib, “Rad”la (Serbiya) isə heç-heçə oynayıb – 2:2.

 

“Xəzər Lənkəran” – “Arsenal” – 2:1

Qollar: İvanov, 33. Mbilla, 78 - Bazanov, 32
 

“Xəzər Lənkəran”: Orxan Sadıqlı, Rahid Əmirquliyev, Tyeqo Xesus, Adrian Skarlatake, Vanderson Skarduelli, Elnur Abdullayev, Alfred Sanku, Rəşad Sadiqov, Deyan Blajevski, Qalin İvanov, Franko Nildo

Baş məşqçi: Oğuz Çətin

"Arsenal" (Tula): Filimonov, Yerşov, Lepskiy, Osipov, Rıjkov; Kaleşin, Kascelan, İqnatyev, Kuznetsov, Bazanov, Vasilyev; Maloyan

Baş məşqçi: Dmitri Aleniçev 

Xatırladaq ki, bundan öncə 3 sınaq matçı keçirən “Xəzər Lənkəran” “Karpatı”nı (Ukrayna) 3:1, “Yurmala”nı (Latviya) 2:1 hesabı ilə məğlub edib, “Rad”la (Serbiya) isə heç-heçə oynayıb – 2:2.

 

1. Matç başladı

2. Skarlatake sol cinahda rəqibə qarşı qaydanı pozdu. Cərimə asmasından sonra Skarlanın özü başla topu uzaqlaşdırdı.

13. Meydanın mərkəzində Alfred Sanko rəqibin həmlələrinin qarşısını uğurla kəsir. Hücumlar zamanı isə hələlik Qalin İvanovun olduğu sağ cinah aktivdi.

14. Deyanın asmasından sonra cərimə meydançasında mübarizə aparan İvanov topu Nildonun önünə çıxartdı. Hücumçunun sol ayağı ilə vurduğu zərbə isə qapının üstündən keçdi.

18. Sol cinahda iki nəfərdən yayınan Blajevski yalnız üçüncü oyunçunun müdaxiləsindən sonra yerə yıxıldı. Cərimə nöqtəsindən gələn asmaya isə heç kim çata bilmədi.

21. Oyunun ilk ciddi epizodu təmsilçimizin qapısı qarşısında baş verdi. Standart vəziyyətdən ötürülən topa ayağını çatdıran rəqib futbolçusunun bir neçə metrdən vurduğu top dirəyin yanından keçdi.

27. Rəqibin daha bir standatından sonra cənublular müdafiədə yaxşı oynadı. Bu dəfə geriyə qayıdan Nildo hava mübarizəsini qazandı.

32. Qol. Hesab açıldı. Soldan cərimə meydançasına daxil olan rəqib futbolçusu qapının qarşısına ötürmə etdi, və qapının önündə olan Bazanov hesabı açdı - 0:1.

33. QOOOL! Cavab dərhal gəldi. Topu qəbul edən Nildo cərimə meydançasında olan Sadiqova asma etdi. Rəşad isə bir toxunuşla topu cərimə meydançasının xəttində olan İvanova ötürdü. Sonuncunun qüvvətli zərbəsindən sonra rəqib qapıçısının heç bir şansı qalmadı - 1:1.

38. Uzaq məsafədən təyin olunan cərimə zərbəsini Tyeqo yerinə yetirdi. Zərbə güclü alınsa da, qapının üstündən keçdi.

39. Dəyişiklik: Qalin İvanovun yerinə meydana Ağabala Ramazanov daxil oldu.

41. Tyeqodan daha bir cərimə zərbəsi - yenə də top qapının üstündən keçdi.

45. Təmsilçimiz topa daha yaxşı nəzarət etməklə kombinasiyalı hücumlar qürur. Yeni daxil olan Ağabala da oyuna dərhal qoşula bildi.

45 + 1.. Fasilə. "Xəzər Lənkəran" 1:1 "Arsenal" (Tula)

46.  İkinci hissə başladı. Nildonun yerinə oyuna Rauf Əliyev daxil oldu.

52. Daha iki dəyişiklik. Rəşadın yerinə Fernando Qabriel, Deyanın yerinə isə Mbilla meydana daxil oldu.

53. Sanko mərkəzdə qaydanı pozdu və sarı vərəqə aldı.

60. Elnur Abdullayevi Tural Cəlilov əvəzlədi. Oyuna müdafiənin sağ cinahında başlayan Rahid mərkəzə keçdi.

62. Meydanda gərgin mübarizə getsə də, heç bir komanda qapıya yaxınlaşa bilmir.

65. Orxan Sadıqlı rəqib futbolçunun yaxın küncə vurduğu zərbəni dəf etdi.

73. Orxan Sadıqlıdan daha bir seyv. Cərimə meydançasına asmadan sonra yaxın məsafədən vurulan baş zərbəsini qapıçı zərərsizləşdirdi.

78. QOOOOL! Mbilla komandasını hesabda irəli çıxardı. Orxan Sadıqlının uzun ötürməsindən sonra topu qəbul edən hücumçu topu qəbul edərəl cərimə meydançasına daxil oldu və lazım olanı etdi. 2:1.

78. Bu qoldan bir qədər öncə isə cənubluların qapısı qarşısında təhlükəli vəziyyət yaranmışdı - standart vəziyyətdən gələn asmanın ardından vurulan baş zərbəsindən sonra top qapı tirindən qayıtdı.

80. Sankonun yerinə Ramaldanov daxil oldu.

90+2. Matç başa çatdı. "Xəzər Lənkəran" - "Arsenal" (Tula) - 2:1

 

0